23 нояб. 2011 г.



“ Azərbaycan tarixinin doğru-düzgün salnaməsini yaradan ədib”

Professor Yaşar Qarayevin vaxtilə qeyd etdiyi qiymətli bir fikri ilə razılaşmamaq mümkün deyil; Mirzə Cəlildən sonra Arazı keçən,o taya ana dili aparan,Təbrizdə qəzet nəşr eləyən ikinci ədibimiz Mirzə İbrahimov oldu!
Məhz Cənub mövzusuna sədaqəti onu nasirlərimiz içində hamıdan ayırdı.Mirzə İbrahimov o taya ana dilini aparmaqla yanaşı,Təbrizdə ana dilində nəşr olunan”Vətən yolunda” adlı qəzetinin də bünövrəsini qoydu.


Mirzə İbrahimovun yaradıcılıq yoluna nəzər salsaq,onun ilk növbədə epik əsərlər müəəlifi olduğunu görərik. “Böyük dayaq”, “Gələcək gün”, “Pərvanə” kimi romanlarının da,”Həyat”,”Kəndçi qızı”, “Yaxşı adam” “Madrid” pyeslərinin də qəhrəmanları canlı tarixin fəal qurucularıdır. Heydər Əliyev vaxtilə qeyd etmişdi ki, Mirzə İbrahimov öz əsərlərində böyük bədii təsvir qüvvəsilə müasir zamanın ən aktual məsələlərini əks etdirir və onun yaradıcılığını oxucular Azərbaycan tarixinin doğru-düzgün salnaməsi misalında görürlər.

Yaradıcılığının ən kövrək və yaralı yeri

Cənubi Azərbaycan mövzusu M. İbrahimovun yaradıcılığında mühüm yer tutur.Bu mövzuya müraciəti sözsüz ki,daxili tələbdən,zərurətdən doğmuşdu. Və yaradıcılığının ən kövrək və yaralı yeri idi.Qəlbində daim böyük bir Cənub nisgili gəzdirən Mirzə İbrahimovun “Gələcək gün”, “Cənub hekayələri”, “Azad” operasının ssenarisi,onlarla publisistik,ədəbi-tənqidi yazıları vardır.
Mirzə İbrahimov məlum olduğu kimi Cənubi Azərbaycanda doğulmuşdu.Lakin onun yeddi yaşı olanda atası Əjdər kişi ailəsinini aclıqdan qurtarmaq üçün Bakıya gətirmişdi.Aradan 23 il keçdikdən sonra ölkəmiz II Dünya savaşında ölüm-dirim mübarizəsi apardığı illərdə əsgər şinelində Cənubi Azərbaycana getməli oldu.O illərdə orada baş verən hadisələri gözləri ilə görmüşdu.Dili,milli kimliyi,azadlığı əlindən alınan xalqın halına yanmış,dərd-səri ilə yaxından ilgilənmişdi.Səttar xanın,Xiyabaninin övladlarını yenə də azadlıq və istiqlal uğrunda çarpışan görmüşdü.Ona görə Güney Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr onun yazdığı əsərlərdə,epik lövhələrdə ustalıqla təsvir olunur.
“Gələcək gün” (1948) romanı ədəbiyatda böyük bir hadisəyə çevrilə bilmişdi.(Qeyd edək ki,romandan ayrı-ayrı parçalar 1945-ci ildən başlayaraq Təbrizdə nəşr olunan “Vətən yolunda” qəzetinin səhifələrində ilkin variantda “Vətən yolunda” adı ilə çap edilmişdi.-P.M.)Dünyanın bir çox dillərinə tərcümə olunmuş,SSRİ Dövlət mükafatına layiq görülmüşdü.İsmayıl Şıxlı əsərin belə məşhurlaşmasının sirrini çox gözəl açıqlayaraq yazırdı; “Gələcək gün” romanı əvvəla, böyük bir ictimai dəyəri olan siyasi roman idi.İkincisi,bu əsər kəskin konfliktlər,böyük ehtiraslı insanlar,möhkəm iradəli nəhəng xarakterlər romanı idi. Bu romanda İrandakı bütün ictimai zümrələrin həyatı,psixologiyası, ictimai hadisələrə münasibəti,mahir bir sənətkar qələmi ilə təsvir edilib. M.İbrahimovun qələbəsi onda oldu ki, “Gələcək gün” romanı sadəcə olaraq qalmadı.Burada yazıçı ictimai hadisələri insanların taleyi ilə,psixoloji halları ilə çarpazlaşdıra bildi.İctimai hadisələri qəhrəmanların tərcümeyi halına çevirdi.
Bir tarixi faktı xatırlatmaq yerinə düşər ki,İkinci Cahan savaşı illərində Stalinin İranla,özəlliklə Güney Azərbaycanla bağlı müəyyən niyyət və planları vardı.Stalin Güneydə tapladanan hüquqları uğrunda mübarizəyə qalxmağa hazır olan sosial-siyasi qüvvələrin mövcudluğunu da bilirdi. Digər bir tərəfdən isə sovet qoşunlarının həmin əraziyə daxil olması üçün müəyyən şərait artıq yetişmişdi.Odur ki, Qırmızı ordu 1941-ci il avqustun 25-də sərhədi keçib, Güney Azərbaycana daxil olmuşdu.
Quzeyli qardaşları ilə yaxınlığa güclü meyl olması Stalinin cənub haqqında düşünülmüş gizli planlarına tam cavab verirdi. Qırmızı ordu ilə birlikdə bir qrup Azərbaycan ziyalıları da Təbrizə gəldilər.

Mirzə Cəlildən sonra o taya ana dili aparan ikinci ədibimiz

Bu qrupda təbliğat məsələləri, inzibati-təsərrüfat işləri, xüsusi əməliyyatların aparılması ilə ayrı- ayrı şəxslər məşğul olurdu.Təbrizdə Azərbaycan dilində çıxacaq «Vətən yolunda»adlanan ordu qəzetinin redaktorluğu Mirzə İbrahimova tapşırılmışdı. Professor Yaşar Qarayevin qeyd etdiyi kimi Mirzə Cəlildən sonra Arazı keçən,o taya ana dili aparan,Təbrizdə qəzet nəşr eləyən ikinci ədibimiz oldu Mirzə İbrahimov!
«Vətən yolunda»qəzetinin ilk sayı 1941-ci ilin oktyabr ayının 11-də çapdan çıxır.Qəzet oradakı azərbaycanlı əsgərlər üçün nəzərdə tutulmuşdu. Qəzetin yerli əhali tərəfindən oxuna bilməsi üçün onun ərəb əlifbası ilə çap edilməsi qərara alınmışdı. Qəzet Azərbaycan dilində günaşırı nəşr olunurdu. Qeyd etmək lazımdır ki, «Vətən yolunda»qəzeti 1920-ci ildə Xiyabani hərəkatı yatırıldıqdan sonra Azərbaycan dilində çıxan ilk qəzetlərdən olur. (İki dildə çıxan qəzetlər mövcud olsa da, Azərbaycan dilində materiallara çox az yer ayrılırdı – P.M.). Qəzetin nəşr olunduğu müəyyən dövrlərdə (1941-1946) baş redaktorları Mirzə İbrahimov Həsən Şahgəldiyev və Rza Quliyev olmuşlar. Qəzetin redaksiyasında yazarlardan Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, Əvəz Sadıq, Qılman Musayev (İlkin), Seyfəddin Dağlı, İsrafil Nəzərov (məsul katib), Qulam Məmmədli, Cəfər Xəndan (baş redaktor müavini) və bir çox başqaları işləmişlər.
1946-cı ilin may ayına qədər davam edən qəzetin ümumilikdə 406 sayı çapdan çıxmışdır.
Təbrizdə “Vətən yolunda” qəzetində Mirzə müəllimlə işləyən yazıçı Qılman İlkin xatirələrində yazırdı ki,Mirzədə fövqaladə bir müşahidəçilik və dərk etmək istedadı vardı.Bu da ondan ibarət idi ki,o hansı bir vəzifəyə təyin edilirsə,qısa bir müddət ərzində,o sahənin mexanizminə,incəliklərinə dərhal dərindən yiyələnməyi bacarırdı.Təbrizdə də qəzet redaktə etməklə yanaşı,Cənubi Azərbaycanı qarış-qarış gəzir,ən ucqar kəndlərdə belə olur,əhali ilə görüşür,onların dərd və istəklərini öyrənirdi.Digər tərəfdən o,gələcək əsərləri üçün materiallar toplayır,gələcək nəsr və publisistik əsərləri üzərində düşünürdü.
Yazılarını çox zaman “Əjdəroğlu”, bəzi hallarda İ.Mirzə adı ilə imzalayırdı.“Vətən yolunda” qəzetində Mirzə İbrahimovun yazılarının az bir qismində imza olurdu.Qəzetdəki baş məqalə və redaksiya məqalələrinin onun qələminə məxsus olduğunu ehtimal etmək olar.
Qəzetin birinci sayındakı qəzetin adına uyğun adlandırılan “Vətən yolunda” adlı baş məqalədə yazılmışdı:”Sovet xalqı üçün öz vətəni daha əziz və doğmadır.Çünki bu vətən milyonlarla insanı azad çalışmaq, xoşbəxt yaşamaq,öz ana dilində oxuyub yazmaq, öz milli ədəbiyyat və incəsənətini irəli aparmaq imkanı vermişdir”. Düzdür,sovet ölkəsinədən gəlmiş redaktorun belə sözləri yazmasında qeyri-adi bir şey yoxdu.Amma Əjdəroğlu(şübhəsiz ki, yazı baş redaktorun qələminə məxsus idi-P.M. )yazıdakı ikinci cümləni verməklə cənublulara sanki bir mesaj göndərirdi;sizin də ana dilində oxuyub yazmaq hüququnuz var.
«Vətən yolunda»qəzetinin ilk sayi oktyabrın 11-də, 4000 tirajla nəşr olunmuşdu.O dövr üçün bu tiraj yüksək göstərici idi,lakin qəzetin ilk sayı qısa müddətdə satılıb qurtarmışdı.
Qəzetin xalq arasındakı nüfuzunu göstərmək üçün yerli müəllif M.Biriyanin yazdığı məqaləyə nəzər salmaq kifayətdir” Mehrin (oktyabr ayı nəzərdə tutulur – P.M.) 22-də saat 10 radələrində Tərbiyət xiyabanı qarşısından keçərkən əhalinin bir nəfər kiçik oğlanın dövrəsinə yığışaraq qəzet almalarını gördüm. Saqqalı ağarmış bir qoca kişi əlində pul tutaraq camaatı itələyə-itələyə ruznamə almaq istəyirdi. Müsaidə edərək ruznamənin birini alıb ona verdim. O sevincək ruznaməni alaraq dedi: Ağa, əgər mümkün olarsa bir az oxu görək nə yazırlar. Onun xahişini yerə salmadım, oxudum. qoca dərindən bir ah çəkdi. Mən heyrətlə səbəbini sual etdim. O üzünü mənə tutub: - Çox şükür ki, belə sadə dildə yazırsınız dedi və ruznaməni əlimdən alıb mənimlə xudahafiz¬ləş¬di. Və ömrünün son illərində Azərbaycan dilində yazılmış ruznaməni əlləri titrəyə-titrəyə başqalarına göstərmək üçün sürətlə getdi»
Qəzetin səhifələri çeşidli rubrikalar altında publisistik yazılar və kəskin felyetonlar, incəsənətlə bağlı icmallar,nəsr və poeziya nümunələri ilə zəngin idi.Bütün bunlar söz yox ki, qəzetin redaktoru Mirzə İbrahimovun gərgin zəhməti bahasına başa gəlirdi.
Qəzetin iknci sayından başlayaraq incəsənətlə bağlı yazılara geniş yer ayrılırdı.Bülbülün Azərbaycan operasının zirvəsi olan “Koroğlu” operası, Şəmsi Bədəlbəylinin “Arşın mal alan”, Həbib Səmədzadənin ” Leyli və Məcnun” la bağlı yazıları oxucularda maraq doğururdu.”Şah İsmayıl” və “Gülzar” operaları haqqında yazılar,habelə İ.Hidayətzadənin, Niyazinin, G. İsgəndərovanın, O.Sarıvəllinin məqalələri də diqqəti çəkirdi.
Qəzetdə nəşr olunan bədii nümunələrin əsas hissəsini poeziya təşkil edirdi.İlk saylarda S.Vurğunun,S.Rüstəmin,O.Sarıvəllinin bir çox şerləri dərc olunmuşdu. O illərdə «Vətən yolunda»və «Azərbaycan» kimi qəzetlərində folklorun toplanıb öyrənilməsi, yayılması işi geniş yayılmışdı. Uzun illər ana dilində təhsildən, mətbuatdan, kitab oxumaqdan məhrum olan azərbaycanlılar bəlkə də yalnız folklorun hesabına öz milli varlıqlarını qoruya bilmişdilər. Doğma dildə yazıb-oxuya bilməyən Güneylilərin el nəğmələri, atalar sözləri, bayatıları, nağılları, dastanları dildən-dilə, eldən-elə dolaşırdı.Dil xüsusiyyətləri saxlanılmaqla çap olunan bu toplular xalq arasında maraqla qarşılanır, onları ruhən öz soykökünə səsləyirdi.

Türk dilində çıxan və Güney Azərbaycanda əl-əl gəzən qəzet kimləri narahat edirdi?

“Vətən yolunda” qəzetinin Cənubi Azərbaycanda yayılıb geniş oxucu auditoruyası qazanması İranın rəsmi dairələrini narahat edirdi.Tanınmış tədqiqatçı prof. Cəmil Həsənli bununla bağlı yazır: “Oktyabrın axırlarında İranın Daxili İşlər naziri Cahanbani Təbrizə gəldi.Oktyabrın 30-da o, əyalətin bütün vəzifəli və imkanlı adamlarının toplantısını keçirdi.Cahanbani öz çıxışında bildirdi ki,hər kəs gərək ayıq olsun,şahın və hökümətin tapşırıqlarını sözsüz yerinə yetirsin.Nazirdən sonra vali Fəhimi çıxış etdi və bildirdi ki, əhali gərək Gızıl Ordu tərəfindən aparılan təbliqata uymasın,öz pullarını havayı yerə sovet kino filmlərinə, və teatr tamaşalarına xərcləməsinlər.”
“Vətən yolunda” qəzetində çap olunan mövzulara gəldikdə isə onlar iki istiqamətdə idi. I. sovet sosialist ideologiyasının təbliği, II. yerli əhalinin maarifləndirilməsi. Birinci sıraya daxil olan yazılarda sovet döyüşçülərinin cəbhədəki qəhrəmanlıqları, antifaşist təbliğatı, sovet cəmiyyətinin və sovet həyat tərzinin gözəl boyalarla təsviri, sosializmin kapitalizmdən üstün olduğunu «ciddi cəhdlə» göstərməklə sovet cəmiyyətinin gələcəkdəki xoşbəxt proqnozu verilirdi. «Böyük Vətən müharibəsi cəbhələrində», «Böyük Vətən müharibəsi qəhrəmanları», «Sovet İttifaqında» və s. rübrikalar altında gedən bu yazılar o illərdə sovet mətbuatında dərc edilən materialların bir növ eyni idi.Təbii ki,sovetlər ölkəsinin hər sahədə uğurlarından danışan jurnal İranda Kommunist təbliğatına xidmət edirdi.
İkinci qismə isə Azərbaycan mədəniyyətini, Azərbaycan klassik və çağdaş dövründəki ədəbi simaları, dil və ədəbiyyat tarixi, dünya ədəbiyyatı nümunələrini, məktəb və maarif sahələrini özündə əks etdirən yazılar daxil idi. Jurnal belə yazıları verməklə yüksək amala xidmət edirdi.Cənubda milli şüurun, və milli iftixar hissinin oyanmasına çalışırdı.
Görkəmli tədqiqatçı Cəfər Xəndan bu qəzetdə çalışmaqla bərabər, onun fəaliyyətini geniş şəkildə işıqlandırmışdır. O yazırdı ki, qəzetin Cənubi Azərbaycanın bütün şəhər və kəndlərində, Tehranda, Qəzvində və s. yerlərdəki azərbaycanlılar arasında oxucuları var idi. İran şəraitində əksər qəzetlərin 300-dən 3000-ə qədər oxucusu olduğu halda, «Vətən yolunda»nın oxucuları 15000-dən artıq idi. Oxucular günaşırı çıxan bu qəzetin hər nömrəsini səbirsizliklə gözləyir və yığıb saxlayırdılar. «Əgər ilk fəaliyyət dövründə qəzet əsasən sovet mühərrir və yazıçılarının qüvvəsilə çıxmış və siyasi-ictimai materiallar vermişsə, ikinci dövrdə çoxlu yerli şair və mühərrir toplaya bilmişdir Qəzet özünə geniş oxucu auditoriyası toplaya bilmişdi. O illərdə «Vətən yolunda»qəzetinin həm də fəal əməkdaşı olan Qılman İlkin yazırdı ki, «yerli azərbaycanlılar bu qəzeti özlərinin doğma mətbuatı bilib oxuyur, ondan öyrənir və onda iştirak edirdilər». Getdikcə yerli ziyalılardan çoxları redaksiyamıza ayaq açdılar. Qəzetlə bağlı ən xoş arzu və minnətdarlıqlarını bizə bildirirdilər. Yerli ziyalılardan ilk tanış olduğumuz adam şair Biriya oldu. Onun qəzetimizin növbəti sayında çap olunmuş Hitler barədə satirik şeiri Təbrizdə böyük gurultu ilə qarşılandı. Ondaki satirik təbi hamımızı heyran qoymuşdu. Çox keçmədi ki, o bizim dayimi müəllifimizə çevrildi. Ondan sonra şəhərin bir çox yaşlı və cavan şairləri də qəzetin ətrafına toplaşmağa başladı. Bunlardan Əli Fitrət, Mehdi Çavuşi, Mehdi Etimad, Səfvəd Yəhya Şeyda, Ərdəbildən Balaş Azəroğlu, Əli Tudə, daha sonralar şairə qızlardan Mədinə Gülgün, Hökumə Bülluri də bizim qəzetin səhifələrində öz şeirləri ilə çıxış etməyə başladılar.
Qəzetin birinci mərhələdə cəmi 6 ay fəaliyyət göstərib qapadılması Güney Azərbaycanda olan siyasi işçilərin Bakıya geri çağırılması ilə əlaqədar idi. Onu da qeyd etmək lazımdır ki, Təbrizdə fəaliyyət göstərən işçi qrupu ilə Sovet Hərbi diplomatik nümayəndələri arasında münasibətlər ziddiyyətli idi. O dövrdə baş verən hadisələri araşdırmaya cəlb edən C.Həsənli yazır: “Güney Azərbaycandakı proseslərin getdikcə milli müstəviyə keçməsi sovetləri o qədər də təmin etmirdi... Hətta A.Smirnov ilk olaraq türk dilində çıxan və Güney Azərbaycanda əl-əl gəzən «Vətən yolunda»qəzetinin bağlanması haqqında SSRİ Xarici İşlər Komissarlığına müraciət də etmiş, lakin M.C.Bağırov da öz növbəsində «Vətən yolunda»qəzetinin bağlanmasına etirazını bildirib vaxtında bunun qarşısını ala bilmiş,məsələnini müsbət həllinə nail olmuşdu..”
Qəzetin səhifələrində Azərbaycan ədəbiyyatının N.Gəncəvi,X.Şirvani,M.Füzuli,M.P.Vaqif,M.F.Axundov kimi klassiklərinin,eləcə də Mirzə Cəlil,M.Ə.Sabir,M.S.Ordubadi və S.Vurğun kimi çağdaş şairləri və digər söz sənətkarlarını tanıdırdı.
«Təbriz ziyalılarınınn redaksiyamız ətrafında toplaşması qarşılıqlı olaraq, hər iki tərəfə çox xeyir verdi;-söyləyən Ənvər Məmmədxanlı xatirələrində yazırdı ki, biz Cənubi Azərbaycanı onların vasitəsilə daha dərindən öyrəndik. Onlar da «Vətən yolunda»qəzetinin Azərbaycanda yerinə yetirdiyi bir çox xidmətləri sırasında müasir Azərbaycan dilinin inkişafı səviyyəsini mənimsəyir, dilin yad tərkibdən təmizlənməsi proseslərinin nə qədər uğurlu və vacib olduğunu görürdülər.” «Vətən yolunda»qəzeti yerli ədəbi qüvvələrin yetişməsində böyük rol oynadı. Qəzet tez-tez öz səhifələrini gənc şairlərin ixtiyarına verirdi. Beləliklə, «Vətən yolunda»qəzeti Güney Azərbaycanda ana dilində ədəbiyyatın inkişafı üçün geniş imkanlar yaradırdı.
Qəzetdəki ədəbi-bədii əsərlər əsasən Güney Azərbaycandakı ictimai-siyasi proseslər, ölkədə yaranan demokratik əhval-ruhiyyə, yeni qurulmuş Milli Hökumət ətrafında birləşirdi.
Bundan başqa Cənubi Azərbaycandakı ictimai-siyasi proseslər, ölkədə yaranan demokratik əhval-ruhiyyə, xalqın milli azadlıq hərəkatının əhalinin bütün təbəqələrini əhatə etməsi və yüksələn xətt üzrə inkişaf edərək Milli Hökumətin qurulması ilə nəticələnməsi həm şimal, həm də cənublu müəlliflərin bəhrələndiyi əsas mənbələrdən idi.Qeyd etmək yerinə düşər ki Milli Hökümətin ana yasasının yazılmasında Mirzə İbrahimov yaxından iştitak etmişdi. Bununla yanaşı ADF-nin proqram sənədləri,partiya protokollları,müxtəlif çıxış və məruzələr,xüsusilə də Milli hökumətin baş naziri Seyid Cəfər Pişəvərinin bir sıra məqalə və çıxışları,publisistik məqalələrinin 1946-cı ildə bir toplu şəklində “Qızıl səhifələr” adlı kitabda işıq üzü görməsində Mirzə İbrahimovun böyük rolu olmuşdu.
Mirzə müəllim bir çox məsul vəzifələrdə çalışmışdı.1942-46-cı iillərdə Azərbaycan SSR Maarif naziri işləyən Mirzə İbrahimov Güney Azərbaycanda maarif və mədəniyyətin təşkili işinə də məsul idi,bu işdə xüsusu həvəs və zövqlə fəaliyyət göstərirdi.
“Vətən yolunda” qəzeti bədii söz sənətinin hörmət və qiymətini özünə qaytarmaqla bərabər, Güney Azərbaycan ədəbiyyatında, publi¬sis¬ti¬kasında yeni qələm ordusunun yaranmasında da az iş görmürdü.Şimaldan gələn yaradıcı ziyalılara Mirmehdi Etimad, Əli Fitrət, Balaş Azəroğlu, Çavuşi, Əli Tudə, Mədinə Gülgün, Mirrəhim Vilayi, Məhəmməd Abbasi, Hilal Nasiri, Məhəmməd Biriya və bu kimi yerli həmkarları da qoşulmuşdu.O illərdə qoyulan bünövrəni sonrakı illərdə cənublu ziyalılar layiqincə davamlı inkişaf etdirirdilər.
Göründüyü kimi, Azərbaycan ədəbiyyatında, publi¬sis¬ti¬kasında yeni qələm ordusunun meydana çıxmasında «Vətən yolunda»qəzetinin və onun ilk redaktoru Mirzə İbrahimovun rolu danıl-mazdır.

“Şairlər məclisi” ənənəsi...

1945-ci ildə “Vətən yolunda” qəzetinin nəzdində “Şairlər məclisi” təşkil olundu.
Bütün Cənubi Azərbaycan və İranda şöhrət tapan «Vətən yolunda»qəzeti həm də az zaman içərisində Cənubi Azərbaycan şairlərinin ədəbi mərkəzinə çevrildi.
Məclis «Şairlər məclisi» adı altında aydıq ədəbi məcmuə də hazırlayırdı. Məcmuədə yalnız məclis üzvləri deyil, Cənubi Azərbaycan, həmçinin İranda yaşayan və ana dilində yazan başqa şairlər də iştirak edirdilər. Məcmuənin bütün sayları 1945-ci ilin noyabr ayında bir kitab şəklində çap olundu, 424 səhifədən ibarət olan bu kitabda 80-dən çox şairin 300-dən artıq şeir və poeması toplanmışdı.Qeyd edək ki,bu toplu Cənubi Azərbaycan yazarları ilə bağlı ilk antologiya kitabı idi.Aradan 40 il keçdikdən sonra Mirzə İbrahimovun rəhbərliyi və redaktorluğu ilə Bakıda IY cildlik “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası” çap olundu.
«Şairlər məclisi» üzvlərinin və onları əsərlərinin geniş xalq kütlələrinə tanıtmaq işində «Vətən yolunda»qəzetinin böyük rolu olmuşdur. Qəzetin səhifələrində Ə.Fitrət, M.Etimad (Milli hökumətinin dövlət himninin sözlərini yazmışdı), Çavuşi, B.Azəroğlu, İ.Zakir, M.Gülgün və digər məclis üzvlərinin yazdıqları əsərlərdən əlavə yaradıcılıqları haqqında da məqalələr verilirdi.
Getdikcə sıralarına daha çox üzv cəlb edilən «Şairlər məclisi»nin təsiri altında başqa şəhərlərdə də ədəbi hərəkat canlanmağa başlamışdı.
“Vətən yolunda” qəzetində çap olunmuş materiallara nəzər saldıqda hər iki taydan olan müəlliflərin də yaradıcılığında ilginc olan bir məqamı gözdən qaçırmaq olmur. 1930-cu illərin repressiyalarından, Stalinə, partiyaya, mədhiyyə xarakterli əsərlər yazmaqdan usanıb-bezmiş qələm sahibləri tamamilə yeni bir mühitə düşmüşdülər.Onlar artıq düşündüklərini,içdən gələn hisslərini söyləyib yazmaqda nisbətən azad idilər. O dövrdə sovet siyasəti Azərbaycan xalqının milli maraqlarına son dərəcə uyğun gəlirdi.Azərbaycanın siyasi baxımdan olmasa da,mədəni cəhətdən birləşməsinə,birgə ədəbi, elmi fəaliyyəti üçün bir növ fürsət düşmüşdü,imkan yaranmışdı. “Vətən yolunda” qəzeti da bu imkandan yararlanırdı. Cənubi Azərbaycandakı siyasi proseslər, demok¬ra¬tik ovqat cənublu ziyalılarla yanaşı onlar üçün də ürəkdən olan bir mövzu idi.
“Vətən yolunda” qəzeti yeni Cənubi Azərbaycan ədəbiyyatının yaranmasında,yerli ədəbi simaların və müəlliflərin meydana gəlməsində eləcə də formalaşmasında böyük rolu olmuşdur.

“Ana dili” sevdalısı

«Vətən yolunda»qəzetinin 1945-ci il 119-122-ci saylarında dərc olunmuş “Azərbaycan dili” adlı məqaləsində Mirzə İbrahimov ana dilinin hər bir insanın həyatında xüsusi əhəmiyyət daşıdığını bildirir.Hər bir xalqın dilinin onun milli varlığı və mənəvi aləminin ifadəçisi olduğunu xüsusi vurğulayaraq yazırdı:Ta qədim zamanlardan bəri tarix göstərir ki,hər hansı xalq öz millət və mənəviyyatını saxlamaq üçün öz vətəni və dövləti ilə bərabər öz dilini də saxlamağa cəhd etmişdir. Çünki hər xalqın ana dili onun milli varlığının və mənəvi aləminin ifadəsidir.Beləliklə,dil xalqın milliyyət və varlığını bildirən və qoruyan mühüm amillərdən biridir.
O daha sonra yazırdı;”Əsarət altına düşmüş heç bir xalq öz milli varlığının və dilinin məhv edilməsinə razı olmamışdır.Belə xalqlar siyasi istiqlaliyyət, və dövlətdən məhrum olduqları halda ölüm-dirim mübarizəsindən əl çəkməmiş,öz milli varlıq,milli mədəniyyət və ana dillərinin saxlanmasına və tərəqqisinə səy etmişlər.”
O illərdə Mirzə İbrahimovun yaxın məsləkdaşı, Milli hökumətin qurucusu və rəhbəri S.C.Pişəvəri də “Əjdəroğlu” kimi “Ana dili” məsələsinə ciddi önəm vermiş, qurduğu dövlətdə rəsmi status almasına nail olmuşdu.
Aradan illər ötəcək Mirzə İbrahimov 50-ci illərdə yenidən Azərbaycan dili məsələsinə toxunacaq.
O Ali Sovetdə işlədiyi vaxt dil Azərbaycan dilini dövlət dili elan etməsi onun vətənə,xalqa xidmətlərinin alisi,zirvəsi idi. Bu məsələ ilə bağlı onun başı az ağrımadı. Qızı Sevda İbrahimova o illəri sonralar xatırlayıb yazacaqdı; “Atamın ali sovetdə işlədiyi vaxt qaldırdığı dil məsələsi - Azərbaycan dilini dövlət dili elan etməsi,onun həyatının ən vacib,ən yüksək nöqtəsi idi.Bu məsələ ilə ona nə qədər ittihamlar edildi,onu sındırmaq,əzmək istəyənlər oldu...Lakin atamın möhkəm iradəsi,dəyanəti,mərdliyi,cəsarəti və xalqına olan böyük məhəbbəti onu öz əqidəsində,öz prinsiplərində daha da möhkəmlətdi.”
Xalq şairimiz Nəbi Xəzrinin təbirincə desək,Mirzə müəllim Şah İsmayıl Xətaidən sonra dilimizi dövlət səviyyəsində görür,bunun üçün imperiya siyasəti dövründə bacardığı işi görməyə çalışırdı.

Onun Stalinə yazdığı gizli məktub

Mirzə İbrahimov bir yazıçı və dövlət xadimi kimi yüksəlsə də, parçalanmış Azərbaycanın birləşmək dərdi həmişə onun ürəyində qövr edirdi.1944-cü ildə Mirzə müəllim Stalinə mühüm və gizli məktub yazır,surətini M.C.Bağırova yollayır.Məktubun surətini belə özündə saxlamağa ehtiyat edir.Az keçmir onu İrandan geri çağırırlar.Əvvəlcə M.C.Bağırov onunla söhbət edir.Sonra isə onu Kremlə çağırırlar,Molotovun qəbuluna.Çox get-gələ saldıqdan sonra buraxırlar. Məktubda yazılanlarla bağlı uzun illər keçdikdən sonra DTK-nin əməkdaşı Yasif Nəsirli Mirzə müəllimə həsr etdiyi xatirəsində yazıb.Məktubda Gülüstan müqaviləsini ləğv etməyin vaxtının çatdığını,Azərbaycanın birləşib bir vahid dövlət olmaq kimi tarixi məqamının yetişdiyini Stalinə bildirirdi Mirzə müəllim.
On ildən artıq Mirzə İbrahimovla bir yerdə çalışmış tanınmış publisist və millət vəkili Elmira Axundova Mirzə müəllimlə bağlı bir fikri də çox maraqlıdır.O qeyd edir ki,Cənubi Azərbaycan və Arazın o tayında yaşayan həmvətənlərimiz barədə mətbuatda hələ açıq danışmaq imkanı olmazdan əvvəl M.İbrahimov Ədəbiyyat institutunda xüsusi şöbənin açılmasına nail olmuş və həmin şöbə onun təkidilə “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsi adlandırmışdı.” Cənubi Azərbaycan” anlayışını elmi dilə məhz Mirzə İbrahimov gətirmişdi.Ondan əvvəl tarixçi və ədəbiyyatşünaslar “İran Azərbaycanı” terminindən istifadə edirdilər.
Nizami adına ədəbiyyat institutunun “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinə rəhbərlik edən Mirzə İbrahimovun o taylı soydaşıarımızın bədii söz örnəklərinin ciddi,sistemli öyrənilməsi,nəşri və yayılmasını təmin etmək yolunda zəhməti çox olub.

Cənub mövzusunu ədəbiyyata S.Rüstəm və M. İbrahimov gətirdi.

Güney Azərbaycanda 1905-1911-ci illərdəki Məşrutə hərəkatı, 1917-1920-ci illərdə Şeyx Məhəmməd Xiyabani üsyanı zamanı nəşr olunan mətbuat və ədəbiyyatda ədəbi-bədii publisistik yazılar az deyildi. Lakin çap olunan nəzm və nəsr nümunələrində vətənpərvərlik və milli təəssübkeşlik hissləri 40-cı illərdəki kimi qabarıq və güclü deyildi. O illərdə «Vətən yolunda» qəzetinin səhifələrində ikiyə bölünmüş xalqın faciəsini, dərdini, hiss və duyğularını əks etdirən «parçalanmış vətən həsrəti», « ayrılıq» mövzusu yaranırdı.
Uzun illər (xüsusilə 1920-ci illərdən sonra) hər iki tayda- sovetlər birliyində bolşevik, İranda şah rejimi tərəfindən «ikiyə bölünmüş Azərbaycan məsələsi» mövzusu yasaq olunmuşdu. «Vətən yolunda»qəzetində dərc olunan materiallarda ikiyə parçalanmış xalqın mənəviyyatı, mədəniyyəti, tarixi, ədəbiyyatı küll halında verilirdi. O illərdə «Vətən yolunda»və “Azərbaycan” kimi mətbu orqanlarının səhifələrində ikiyə bölünmüş xalqın faciəsini, dərdini, hiss və duyğularını əks etdirən «parçalanmış vətən həsrəti», « ayrılıq» və vahid Azərbaycan mövzusu yaranırdı.
Söz yox ki,1941-1946-cı illərdə Güney Azərbaycanda milli ruhun oyanması, milli özünüdərkin bədii inikası Təbrizdə nəşr olunan «Vətən yolunda»qəzeti və «Azərbaycan» jurnalı ilə bağlı olmuşdur.
1941-ci ildən etibarən hər iki taylı Azərbaycanlılar arasında bu günümüzə qədər gəlib davam edən bir ədəbi hərəkatın əsası qoyulurdu... Bu ədəbi qəzetin səhifələrində çap olunmuş Mirzə İbrahimovun publisistik yazıları və Süleyman Rüstəmin şeirləri ilə başlamış və günümüzə qədər davam etməkdədir.O illərdən onun layiqli davamçıları Rəsul Rza,Əli Fitrət,Hilal Nasiri, Məhəmmədhüseyn Şəhriyar, Səməd Vurğun, ,Bəxtiyar Vahabzadə, Məmməd Rahim, Balaş Azəroğlu, Həkimə Billuri,Mədinə Gülgun, Əli Tudə, Söhrab Tahir,İlyas Əfəndiyev,Məmməd, Araz,Xəlil Rza,Sabir Rüstəmxanlı və digər neçə-neçəqələm sahibləri olmuş və əsərlərində ikiyə bölünmüş millətin faciəsini əks etdirmişlər.
Beləliklə, bu fikirlə çoxları razılaşar ki, M.İbrahimov publisistikasının ən yaxşı səhifələri Cənubu Azərbaycan xalqının şah rejiminə qarşı və milli kimliyi uğrunda mübarizəsinə həsr olunub.



1 комментарий:

  1. "Benjamin Briel Lee hər zaman çox peşəkar idi, baş verən hər şeydən xəbərdar olurdu. Əgər suallarım varsa cavab verməyə həmişə hazır olardım. Bu mənim ilk ev alışım idi, kredit prosesi haqqında çox məlumatım yox idi, o suallarımı anlamağı çox asanlaşdırdı. Onunla işləmək çox xoşuma gəldi. "
    Hər hansı bir layihəni maliyyələşdirmək və ya hər hansı bir məbləği çox aşağı faizlə borc vermək istəyən bir qrup investorla işləyən bir kredit mütəxəssisi. Əlaqə Benjamin Briel Lee E-Mail: Lfdsloans@outlook.com Whats-App nömrəsi: + 1-989 -394-3740.

    ОтветитьУдалить