23 сент. 2011 г.

Həmid Nitqinin həyat və yaradıcılığı haqqında qeydlər

Güney Azərbaycanın yüksək amallı ziyalılar nəslinə mənsub olan Həmid Nitqi tanınmış alim, pedaqoq, şair, ədəbiyyatşünas və dilçi idi. O, 1920-ci ildə Təbrizdə doğulmuş, ibtidai təhsilini İranda ilk dünyəvi təhsil sistemini (üsuli-cədid) yaratmış məşhur maarifçi Mirzə Həsən Rüşdiyyənin Təbrizdə açdığı məktəbdə almışdı. H.Nitqi 1933-cü ildə Firdovsi litseyində təhsilini davam etdirir. Həmin litseydlə coğrafiya fənnindən dərs deyən şair Həbib Sahir onda ədəbiyyata, şeirə böyük maraq yaradır. Sonralar qələmə aldığı «Müəllimim» şeiri məhz Həbib Sahirə ünvanlanmışdır. Onun ilk şeiri 15 yaşında «Şahin» qəzetində çap olunur.
Tehran Universitetinin hüquq fakültəsini bitirdikdən sonra H.Nitqi 1943-cü ildə Türkiyəyə gedib orada elmi yaradıcılıqla məşğul olur. İstanbul mühiti onun dünyagörüşü və yaradıcılığında böyük iz qoyur. O hüquqşünaslıq sahəsində biliyini artırmaqla yanaşı, türk dünyasının ədəbi mühiti ilə də yaxından tanış olur. Tehranda adını belə eşitmədiyi şairlərin əsərlərini oxuyur, onların bir çoxu ilə görüşə bilir.

Ədəbiyyata olan həvəsini H.Nitqi özü atası və müəllimi Həbib Sahirlə bağlayırdı. Bu barədə o, xatirələrində yazırdı: «Mənim atam ədəbiyyatçı idi. Onda qədim qəzetlərin kolleksiyası vardı. Mən «Nəsimi-şimal» və «Molla Nəsrəddin»i oxuyurdum. Məlüküş-şüəarının həftəlik çıxardığı «Növbahar» qəzetini o qədər oxumuşdum ki, əzbər bilirdim. «Şahin» adlı qəzeti çox kiçik yaşlarından oxuya-oxuya məqalələr yazmağa başladım. Elə yazı xəstəliyim də o vaxtdan başladı. Şeirə gəlincə, atam şeir həvəskarı idi, özü yazdığı şeirlər də az deyildi. Mən də ona baxıb həvəsləndirdim. Mən elə bilirdim ki, bizim dilimizdə ancaq komik, məzhəkəli şeirlər yazılır, ciddi şerlər isə farsca olur. İbtidai məktəbdə türkcə danışdığım üçün məndən ilk cəriməni aldılar, mən türkcə ilə farscanın fərqinə vaqif oldum… Anladım ki, pul fərqləri varmış. Evdə olanda atam deyərdi ki, filan kəlmənin farscası yoxdur. İstanbula gəldikdən sonra gördüm ki, türkcə ciddi şeirlər də varmış. Təəccüb etdim, yavaş-yavaş gördüm ki, bizim də ciddi şeirlərimiz ola bilər. Sonralar Abadanda işləyərkən oranın kitabxanasında filologiya və ədəbiyyatla bağlı kitabları oxuyub araşdırmağa başladım».
Həmid Nitqi İranda ictimaiyyətlə əlaqələr elminin banisidir. H.Nitqi İrana qayıtdıqdan sonra Abadanda şirkətin yeni açılan ictimaiyyətlə əlaqələr və jurnalistika idarəsində çalışmağa başlayır. Şirkətin orqanı olan «Xəbərhaye-ruz» («Günün xəbərləri») qəzetinin müdiri və baş yazarı təyin olunur. Sonralar işində göstərdiyi bacarığına görə H.Nitqi şöbənin rəisi seçilir. Bir müddətdən sonra isə bu sahədə tədqiqat aparmaq üçün İngiltərə və Amerikaya göndərilir.
1962-ci ildə o, yenidən Tehrana qayıdıb və Neft konsorsiumunda ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsini tutur. Eyni zamanda onu Tehran üniversitetində yeni açılan «İctimaiyyətlə Əlaqələr» fakültəsində dərs demək üçün dəvət edirlər. Həmid Nitqi universitetdə 25 ildən artıq müəllim və professor kimi çalışmış, yüzlərlə tələbə yetişdirmiş, 2 il sözügedən fakültənin dekanı olmuşdur.
1994-cü ildə çalışdığı Əllamə Təbatəbai Universiteti tərəfindən 25 illik xidmətlərinə görə ona «yeni ictimaiyyətlə əlaqələr elminin atası» rəsmi titulu verilmişdir.
H.Nitqinin jurnalistika sahəsində böyük xidmətləri olmuşdur. İranda çıxan «Şahin», «Azərbaycan», «İqdam», «Daməvənd», «Qanun», «Mərdanekar», «Keyhan» kimi müxtəlif qəzetlərdə sosial-tarixi, ədəbi-fəlsəfi mövzulu yazı və şerlərlə çıxış etmişdir.
1942-ci ildə ölkədəki siyasi durumun dəyişməsilə Milli Azadlıq hərəkatının yüksəlişi illərində Azərbaycan ziyalıları tərəfindən «Azərbaycan» cəmiyyəti yaradılmışdı. Cəmiyyətin orqanı olan «Azərbaycan» qəzetinə baş redaktor Həmid Nitqi təyin olunmuşdu.
H.Nitqi uzun müddət Tehranda nəşr olunan «Varlığ»ın baş yazarı olmuş, dərgidə türkologiya, ədəbiyyatşünaslıq, publisistika sahəsində yazılar və şeirləri ilə çıxış etmişdir. Dilçiliyin ümumi problemləri, milli-mənəvi intibah, milli düşüncənin formalaşması və s. onun yazılarının əsas mövzularındandır.
Pəhləvilərin apardığı assimilyasiya siyasəti nəticəsində Azərbaycan dili ancaq məişət çərçivəsində istifadə olunduğundan dil öz işləkliyini itirir, inkişafdan qalırdı. Güneydə ədəbi di danışıq dilindən uzaqlaşa bilmir, Quzeydəkindən xeyli geri qalır, formalaşa bilmirdi. Dilin yaşaması və dövlət səviyyəsində işlənməsi uğrunda mübarizə aparan ziyalılardan biri də H.Nitqi olur. Onun dərgidə dərc etdiyi məqalələrində Azərbaycan dilinin tarixi, onun türk dilləri sistemində yeri, lüğət tərkibi və s. kimi mühüm məsələlərə toxunulur.
H.Nitqi «Zəngin yoxsullar» adlı məqaləsində Azərbaycan dilinin işlənməsi və onun tarixinin, lüğət tərkibinin və qrammatik qanunlarının dərindən, hərtərəfli öyrənilməsi məsələsinə toxunaraq qətiyyətlə yazırdı: «Danışıq dilimizi qadağan etməyə heç kəsin haqqı və icazəsi yoxdur. Dilimiz hər yerdə – evdə, eşikdə, mədrəsələrdə, idarələrdə, rəsmi və qeyri-rəsmi mütəsəvvir hər yerdə və hər məqamda qeydsiz-şərtsiz danışılacaq»,
Doktor Həmid Nitqi Güney Azərbaycanda yazı qaydaları, ədəbi-bədii dil məsələləri üzərində uzun müddət çalışmış, başqa həmkarlarının da rəyini nəzərə almaqla «İmla qaydaları» adlı məqaləsini «Varlığ»ın əlavəsi kimi nəşr etdirmişdir. O, Quzeydə artıq sınaqdan çıxmış imla prinsiplərinə istinad etməklə ərəb əlifbasının özünəməxsusluğu əsasında Azərbaycan dilinin fonetik quruluşuna uyğunlaşdırılmış vahid bir sistem yaratmağa nail olmuşdur.
Həmid Nitqinin və həmkarlarının «Varlıq» jurnalında vahid ədəbi dil sistemi ilə bağlı apardığı islahatlar artıq öz bəhrəsini vermişdir və bu gün onun təklif etdiyi qaydalar Cənubda və mühacirətdə çıxan mətbu orqanlarda geniş tətbiq olunmaqdadır.
Həmdi Nitqi 1935-ci ildən bəri İranda çıxan müxtəlif qəzetlərdə ictimai-tarixi, pedaqoji mövzulu yazılar və şeirlərlə çıxış emişdir. İranda onun türk və fars ədəbiyyatından bəhs edən əsərləri, həmçinin hekayələr kitabı nəşr olunmuşdur. Onun «Hər rəngdən», «Dünəndən bu günə», «Gənclik günahları», «Min ilin sonu» və başqa kitabları Tehranda, Bakıda, Ankarada və İslamabadda çap olunmuşdur.
H.Nitqinin yaradıcılığı çoxşaxəli idi. O uzun müddət jurnalistika ilə yanaşı elmi və bədii yaradıcılıqla da məşğul olmuşdur. Türkologiya, ədəbiyyat və tarixlə də yaxından ilgilənən H.Nitqi bir sıra dərs vəsaitlərini, elmi əsərləri ərsəyə gətirmişdir. Bunlar aşağıdakılardır: «Yönətiçilik və xalqla ilişkilər», «Dünyanın ən güclü 25 qəzeti», «Sosial ilişkilər üzərinə», «İnandırma, təbliğat və reklamçılıq» və s.
İran ədəbiyyatında həm forma, həm də məzmunca «Təcəddüd» (yeniləşmə) hərəkatının qaranquşları sırasında Cəfər Xameneyi, Şəms Kəsmayi kimi şairlərlə bərabər gənc Tağı xan Rəfət də vardı. Həbib Sahir Həmid Nitqinin ədəbi meyl və yönümünə hansı təsiri göstərmişdisə, Tağı xan Rəfət də Həbib Sahirin bir şair kimi formalaşmasında həmin işi görmüşdür. Beləliklə, zəncir tək bir-birinə bağlı və bir-birinin davamçısı olan bu üç şair İranda çağdaş Azərbaycan şeirinin yaranması və inkişafında önəmli rol oynamışlar. Türkiyəli tədqiqatçı Yavuz Akpınarın təbirincə desək, onların şeirlərini qarşılaşdırmalı bir şəkildə incələsək, İranda modern şeirin hansı yollardan keçdiyinin, necə təşəkkül tapıb formalaşdığının şahidi olarıq.
Həbib Şair «Məktəb xatirələri» şeirində sevimli müəllimi Tağıxan Rəfəti anırdı:

Cavanlıq ah, nə xoş günmüş, nə xoş nemət
Yadımdadır, o məntiqlər və hikmət
Cami-Cəmlə nakam olan gənc Rəfət
Tərvic etdi o ilk dəfə yeni şeir.

Həmid Nitqi isə müəllimi və yaxın dostu Həbib Sahiri belə xatırlayırdı:

Oxudun
şeirinin axışı məni,
uzaq sahillərə aldı apardı
daldığım xülyalar sərxoşluğundan,
bir yanğın yerində birdən oyandım
yıxılmış yuvamın halına yandım…
Oxudum
hicranlı nəğmələrini;
qanayan ürəklər dilə gəldilər
köhnə yaraları eşdin
və deşdin
ən gizlin diləklər dilə gəldilər.

Həmid Nitqinin şeirləri öz yeni forması və dərin fəlsəfi məzmunu ilə seçilir. «Kitabi-Dədə Qorqud»dan gələn sərbəst vəzn və simvolik üslub H.Nitqi şerinin səciyyəvi xüsusiyyətləridir. Bir çox şairlər kimi o simvolikadan hakim rejimdən sığorta olunmaq üçün deyil, lirik şerlərinin fəlsəfi məzmun çalarlarını çatdırmaq üçün istifadə edir. Özünün söylədiyi kimi, onun poeziyası sirr dolu tül pərdəyə bürünmüş gözələ, gəlinə bənzəyir, bu pərdəni qaldırmağı isə şair oxucunun ixtiyarına buraxır.
H.Nitqinin doğum günü Azərbaycan milli istiqlal mübarizəsinin liderlərindən biri – Şeyx Məhəmməd Xiyabaninin ölüm gününə təsadüf etmişdi. Şair bunu bir şeirində özünəməxsus kədərli notlarla əks etdirmişdir.

Sənin gözlərin yumulanda mən
Gözlərimi açdım:
Hər yan dumandı, sisdi, tüstüydü,
Yanğın külləri hələ istiydi.
Şəhərimdən
Bütün mavi quşlar uçmuşdu.
Lakin sən, röyalarımı xəyalınla doldurdun,
Gözümdə nur,
Dizimdə zor,
Ürəyimdə qürur oldun.
Amma nə üçün
vəd etdiyin
saat çalmadı?
nədən əkdiyin ağac qol-budaq salmadı?
yaralar sağalmadı.

Güney Azərbaycan türklərinin hüquqlarının məhdudlaşdırılması, onların elm və mədəniyyət ocaqlarından məhrum edilməsi burada yaranan poeziyaya bir kədər ovqatı aşılayır. Şair xalqının istibdadın pəncəsindəki durumunu canlandıraraq, yazır:

Dibsiz bir quyudur qaranlıq gecə
Ürəyə damcılar qorxu gizlincə…
Korlaşmış qılınclar kəsməz, qındadır,
Qatilin pəncəsi boğazındadır.
İllərdir boynunda zəncir daşırsan,
Yurdunda sürgünsən, qərib yaşırsan…

Zülmün, təzyiqin, hüquqsuzluğun insan şəxsiyyətinə faciəli təsirini əks etdirən bu cür şeirlərin çoxunda dərin kədər hissi ilə birliyə, mübarizəyə səsləyən notlar yanaşıdır:

Düşsəm mən yoluna davam et, yoldaş,
Dayanma, yeri get, bu dağları aş.
Bilirəm səhərə gedən bir yol var,
Dizində güc varkən, yorulma, axtar…

Həmid Nitqi «Ana dili - sevgili dil» adlı şeirində qədim və zəngin tarixi olan, indi isə yer üzünə səpələnmiş türk tayfaları və onların törəmələrinin tale yollarından, tarixdəki maddi-mənəvi izlərindən böyük şövq və məhəbbətlə bəhs edir:

Sərkərdə Səbüklərlə elin şanı ucaldı,
Türkün adı hər guşədə bir vəlvələ saldı.
Zəncirdə əsirkən, yenə də hürr ola bildik,
Dünyada baş olduqsa da, adil qala bildik…
Sənətdə, ziraətdə, hünərdə əlimiz var,
Bax hər yana, hər güşədə bizdən neçə iz var.

Şair bu şerində əsərlər boyu İranda türklərin ədalətli idarəçiliyini, başqa xalqlara və dillərə, o cümlədən fars dilinə hörmətlə yanaşmasını poetik detallarla xatırladır. Sonra isə H. Nitqi öz xalqının milli haqlarının, ən başlıcası isə ana dilində yazıb-oxumaq hüququnun müdafiəsinə qalxır.
İlk dəfə Bakıya səfər edən şair, «keçmişin gələcək çağlarla xəlvəti qovşağında»kı bu görüş təəssüratlarını aşağıdakı sətirlərdə bölüşür:

Tarixin cövrünə,
Zamanın amansız seyrinə.
Əsrlik əsirlik dövrünə
«Yetər artıq dayan» deyilən meydanından*
yol aldıq.
Ağaran təzə bir səhərin
Sehrinə tutulduq və qaldıq…
Bir quşun uçuşu oyandırdı bizi,
Fəcr ilə doldurduq qədəhlərimizi.
Könlümüzdə cücərən umuda
Tapşırdıq qədərlərimizi.
Və qara gecənin ən son dəmlərində
Röyalarla dolu bir dərin baxışda,
Əritdik kədərlərimizi.

Dilçi alim H.Nitqi həmişə yazırdı ki, bizi istəməyənlər hər şeydən əvvəl varlığımızın əsası olan dilimizə hücum edirlər. O, hakim rejiminin milli istəklərə qarşı apardığı siyasətə qarşı çıxaraq «Ovsun» şeirində yazırdı:

Məni ovsunladılar,
dilimi bağladılar.
Qaçdımsa yetişdilər,
nə əkdimsə, biçdilər…
Utandım öz-özümdən,
sazımdan və sözümdən.
Ayrılalı əslimdən
öksüz və köksüz qaldım.
… Açılmasa dilim
kim biləcək mən kiməm?

H.Nitqinin son dövr şerlərində 1978-79-cu illər İran inqilabının nəticələrinə verilən qiymət müxtəlif notlarda hiss olunmaqdadır. Şair belə bir məqamı vurğulayır ki, şahlıq rejiminin qorxunc istibdad illəri arxada qalsa da, uçuruma aparan yoldakı izlər hələ də silinməmişdir:

Hələ də adımı çəkə bilmirəm,
Hələ də kimliyim,
Qırxqat boxçada,
əfsunlarla düyünlü
gizlin saxlanır,
hələ də qardaşım bərkə düşəndə,
əslini danır…

H.Nitqi 1989-cu ildən Böyük Britaniyanın Edinburq Universitetinin «İslam və Orta Şərq Araşdırmaları» bölümündə çalışmışdır.
Doktor Həmid Nitqi Böyük Britaniyada elmi dərgilərdən birində çap etdirdiyi və Azərbaycan türkcəsinin inkişaf məsələlərinə həsr edilmiş məqaləsində əsrin əvvəllərindən bu günə qədər İranda Azərbaycan türklərinə, onların dil və mədəniyyətlərinə olan təzyiqlərdən bəhs edir. Hələ ötən əsrlərdə fars dilinin türk hökmdarlarının saraylarında işlənməsini göstərərək əlavə edirdi ki, türk şair və ədibləri türk hökmdarları ilə birgə özlərini klassik farscanın tərəqqisinə və təkmilləşməsinə elə geniş ölçüdə həsr etdilər ki, az qala öz dil və mədəniyyətlərini unutdular. Yalnız xalq şeiri bütün bu fəaliyyətlərə üstün gələ bildi. Yazıda qeyd olunur ki, Azərbaycan dilinin ədəbi ünsiyyət vasitəsi ola biləcəyinin danıldığı bir vaxt çoxları gözləmədikləri halda Azərbaycan türkcəsində yazılmış, hamı tərəfindən bir şah əsəri kimi alqışlanmış şeir nümunəsi ilə qarşılaşdılar. Bu, Şəhriyarın «Heydərbabaya salam» əsəri idi. «Heydərbabaya salam» Azərbaycan türkcəsinin assimilyasiyaya müqavimətini güclü surətdə nümayiş etdirdi. Ümumiyyətlə, Şəhriyar fenomeni bu məqalədə Cənubi Azərbaycanda milli-mənəvi dirçəlişin bədii daşıyıcısı kimi qiymətləndirilir.
H.Nitqi 1999-cu ildə uzun sürən xəstəlikdən sonra Böyük Britaniyada vəfat etmiş, Türkiyə torpağında dəfn edilmişdir.


0 şərh:

Отправить комментарий