20 нояб. 2011 г.

Təsəvvüf orta əsrlər Müsəlman Şərqinin nəzəri görüşlərini və mənəvi-əxlaqi dəyərlərini özündə əks etdən mükəmməl dini-fəlsəfi sistemdir.Ədəbiyyatla sufizmin, yaxud təsəvvüf ədəbiyyatının əlaqəsi olubmu və ümumiyyətlə təsəvvüf ədəbiyyatını araşdıran alimlərimiz varmı bununla bağlı onların fikirləri,düşüncələri necədir? Bu suala cavab tapmaq üçün hələ postsovet dövründə “ziyanlı,dini ədəbiyyat və düşüncə” seriyasına daxil olan təsəvvüflə bağlı araşdırma və yazılarını gizli yolla Arazın tayına göndərib nəşr etdirən,Azərbaycan ən mötəbər universitetlərindən birinin professoru, əslən cənublu mərhum prof. Q.Beqdeli(Bəydili)ni yad etmək onun yazdıqlarını, fikirlərini bölüşmək istəyirəm. Q.Beqdeli haqlı olaraq belə hesab edirdi ki, Ədəbiyyatla sufizmin, yaxud təsəvvüf ədəbiyyatının əlaqəsini öyrənmək, təhlil etmək üçün ilk növbədə təsəvvüfün, irfanın özünü öyrənmək lazımdır.

Sonra da bəşəriyyətin ədəbi mirasının təsəvvüf və ürfanla necə əlaqədə olmasını, təsəvvüfün ədəbiyyata necə daxil olduğunu və bunların birinin digərinə necə tə’sir göstərdiyini təhlil etmək gərəkdir. Bunsuz antik, qədim dövrlər və orta əsrlər şifahi və yazılı ədəbiyyatın təsəvvüflə əlaqəsini və yaxud təsəvvüf ədəbiyyatını düzgün dərk edib müəyyənləşdirmək və bu barədə elmi, ciddi mülahizələr söyləmək çox çətin, bəlkə də imkansızdırQ.Beqdeli təsəvvüf ədəbiyyatını araşdırmaq üçün 5 istiqamətdə tədqiqat aparılmasını vacib hesab edib;
1. Təsəvvüf və ürfan nədir? Bu təriqət ta qədim zamanlardan Şərqdə və Qərbdə necə törəyib, meydana çıxıb, yayılıb inkişaf etmişdir. Onun zaman və məkan hüdudu.
2. Təsəvvüfün müxtəlif qolları, islam təsəvvüfünün təşəkkülü, onun kök və budaqları.
3. Şərqdə təsəvvüf ədəbiyyatı əsasında yaranmış mütəsəvvüf ədəbiyyat. Onun mütərəqqi, müsbət xüsusiyyətləri və mənfi cəhətləri.
4. Hürufiyyə və nöqtəvilər, onların uğursuz taleləri.
5. Hipizm tərkdünyalıq və bir növ müasir sufizm kimi.
Q.Beqdeliyə görə, “Təsəvvüf məzhəb yox, təriqətdir. Özü də müxtəlif qollara ayrılır. Təsəvvüfün əsas qolları ilahi məhəbbət və dünyəvi məhəbbət qollarıdır. Bu qollara silsilə deyilir. Hər silsilənin də özünün ocağı, xanəgahı, qütbü var. Bu təriqəti izləyənlərə salik, mürid, islamiyyətdə isə sufi deyirlər. Ümumiyyətlə, onları sufi adlandırırlar»
Q.Beqdelinin hələ ötən əsrin 80-ci illərində Tehranda çıxan «Varlığ»ın təxminən 15 sayında silsilə şəklində dərc olunmuş «Təsəvvüf və ədəbiyyat» problemi Q.Beqdelinin «Yaxın və Orta Şərq haqqında təsəvvüf» məfhumu, «Günəşə sitayiş», «Mani, məzdəkizm və təsəvvüf», «Yeni əflatunçuluq», «Vəhdəti-vücud fəlsəfəsi”, «Hürufizm cərəyanı», «Nöqtəvilik» və s. adlı olduqca mühüm elmi əhəmiyyət kəsb edən məqalələrində nəzərdən keçirilir.
Gənc yaşlarından fars və ərəb dillərini mükəmməl bilən Şəms Təbrizi müxtəlif məzhəb və təriqətlər, çeşidli inam və e’tiqadlar haqqında mütəfəkkir kimi düşünmüş, onlarda yaranan pərakəndəliklərin, parçalanmaların səbəbini araşdırmışdır.
Gəncliyindən şöhrəti hər yana yayılan Ş.Təbriziyə «Kamil Təbrizi» ləqəbini vermişlər. Ömür boyu səfərdə, səyahətlərdə olduğu üçün ona «Uçan quş» da demişlər. Təriqət başçıları onu «Seyfullah» adlandırıb haqqın kəsərli bir qılıncına bənzədirdilər. Cəlaləddin Rumi isə onu dövrün fəqihlərinin ən böyüyü bilirdi. Q.Beqdeli məqalələrinin birində Mövlana Cəlaləddin Ruminin ustadı Şəms Təbrizinin həyatı, əsərləri, fəlsəfəsi haqqında dolğun, elmi mə’lumat vermişdir.Onun yazdşğından öyrənirik ki, Şəms Təbrizi Mövlanə Cəlaləddin Ruminin sorağını еşidib Ruma üz tutur. Mövlana Cəlaləddinin xüsusi müridlərindən olan Sipəhsalar Firidun öz risaləsində yazır bu barəfə yazırdı;«Övliyaların sultanı, ariflərin tacı və onların qibləsi, dindarların iftixarı, müasirlərin kеçmişlərə üstünlüyünü sübut еdən, möminlər üçün Allah tərəfindən göndərilmişi, pеyğəmbərlərin varisi bizim mövlamız və ağamız, həqiqət, din və millətin günəşi ən yüksək kamal dərəcəsinə çatmış padşah, zövq və nitq sahibi, qеybi aləmə alim olan, Allah dərgahı məşuqlarının qibləsi əbədi astanənin ən yaxın şəxsiyyətlərindən olan… bu yüksək rütbəli cənab (Cəlaləddin Rumi) zamanınadək hеç kim onun əhvalından xəbərdar olmamışdır.Indi də hеç kim onda olan sirlərin mahiyyətini dərk еdə bilməyəcəkdir.O həmişə xalqın gözünə görünməkdən və şöhrətdən qaçır, tacir ziyində dolanardı.Hansı şəhərə gеdərsə, karvansarada qalardı… Şəms Mövlana Cəlaləddin Rumi ilə görüşmək üçün Osmanlı ölkəsinə gеtmiş, şəhər-şəhər onu axtarmış, nəhayət Konya şəhərinə çatmışdır. Mövlana Cəlaləddin Rumi Şəms Təbrizi ilə görüşdükdən və onun təlqinlərinə tutulduqdan sonra əhvalı o qədər dəyişmişdir ki, Şəmsin adını özünə təxəlüs еdib, bütün qəzəllərini onun adına qoşmuşdur. Şəms Təbrizi Mövlananın təriqət dərəcəsini yoxlayandan sonra dеmişdi: «Sənin «Əli», «Əli» dеməyinə hələ çox var, sən «Şəms», «Şəms» söyləməlisən». Mövlanə Cəlaləddin Rumi Şəms adını özünə ünvan sеçmişdi. Şəms Təbrizini isə «Şеyxlər şеyxi, müdriklər müdriyi, tanrının yеrdəki işığı» adlandırdı.

.Şəms Təbrizi Cəlaləddin Ruminin mürşidi olmuşdur. Ruminin sözləri ilə desək, Ş.Təbrizi onun «tanrısı» olmuşdur. Mövlanə Cəlaləddin Rumi 21 divandan ibarət olan «Divani-kəbir» yaratmışdı Ona görə də, C.Rumi Şəms Təbrizini minnətdarlıqla anaraq 84500 misradan ibarət olan irihəcmli külliyyatına «Külliyyati Şəms Təbrizi» adını vermiş, misli, nəzəri olmayan, məşhur «Məsnəvi»sində də onun ilhamı və mə’nəvi tə’sirindən kamala yetişdiyini vurğulamışdır.. Bu da onun dostuna sonsuz hörmətdən, izzətdən irəli gəlirdi. Bildirdik ki, Mövlanə Cəlaləddin Ruminin dünyagörüşünə Şəms Təbrizinin təsiri güclüdür. Rumi əxlaqi-еtik məsələləri aydınlaşdırarkən qaynağı ilkin növbədə Təbrizi olurdu
Ustadına məftunluğu Rumini ilahi məhəbbət ifadə edən dərin mə’nalı qəsidə və qəzəllər, rübai və tərkibbəndlər, məsnəvilər yazmağa sövq etmişdir.
Təəssüf ki, Şəms Təbrizinin əsərlərinin çoxu itib batmışdır. Onun «Məqaləti-Şəms Təbrizi» adlanan ədəbi mirası bu böyük şəxsiyyətdən qalan yeganə yadigardır. Bu da Şəms Təbrizinin söylədiyi nitqlər, suallara verdiyi cavablar və izahlar əsasında müridləri tərəfindən tərtib edilmişdir.
Müəllifin söylədiyi kimi, əsərin mündəricəsi dini, əxlaqi və irfani məsələləri əhatə edir. Yaxşılıqlara meyl, pisliklərə e’tiraz əsas me’yar kimi götürülmüşdür. Q.Beqdeli yazır ki, bu əsər özünə qədər meydana çıxan təsəvvüf əsərlərinin ən gözəlidir. Çünki «təsəvvüfün əsas müddəalarından olan insanpərvərlik, insan bərabərliyi, təvazökarlıq, qənaət, izzət, nəfs və ilahi məhəbbət Şəms Təbrizinin əsərinin əsasını və məğzini təşkil edir. Bu əsərdə vəhdəti-vücud, tövhid və ilahiyyat mövzusu aparıcıdır. ...İdrak ilahi şüurun cilvəgahı kimi tərənnüm edilir»
Q.Beqdeli XIII əsrin sonu, XIV əsrin birinci yarısında Azərbaycan şe’rinin inkişafında mühüm rol oynamış mütəfəkkir şair Əvhədi Marağalıya həsr olunmuş «Əvhəddin Əvhədi Marağayi» adlı məqaləsində də təsəvvüf problemlərinə toxunur»
Əvhədi Marağalının həyat və yaracılığından geniş söhbət açan, onu Nizami ədəbi məktəbinin tanınmış nümayəndələrindən biri kimi təqdim edən Q.Beqdeli şairin təsəvvüflə bağlı görüşlərini xüsusi olaraq diqqət mərkəzinə çəkir. O hələ Bakıda yaşadığı zaman Ə.Marağalı haqqında xüsusi monoqrafiya yazmış, X.Yusifovla birlikdə onun «Cami-cəm» əsərini hazırlayıb nəşr etdirmişdir Sözü gedən məqalədə isə Q.Beqdeli Əvhədi Marağalını təriqət ədəbiyyatının qüdrətli nümayəndəsi kimi təqdim edir, dövrün ədəbi cərəyanlarından bəhs edərək yazır ki, Seyid Zülfüqar Şirvani, Arif Ərdəbili kimi şairlər qəsidəçiliyi davam etdirsələr də, dövrün yeni və zəruri cərəyanı təriqət ədəbiyyatı idi. Öz məfkurə istiqaməti ilə bu ədəbiyyat saray şe’rinə, məddahlığa qarşı çıxırdı.
Q.Beqdeli Əvhədi Marağalının Sənai və Nizaminin güclü tə’siri altında olduğunu belə açıqlayır: «Sənainin tə’siri Əvhədi yaradıcılığına təriqət ən’ənələrini, mütərəqqi sufizm məfkurəsini, Nizaminin tə’siri isə ictimai düşüncə, zülmə, ədalətsizliklərə qarşı e’tiraz, elmə, əməyə və əmək adamlarına məhəbbət və hörmət gətirmişdir. Odur ki, insan və insanpərvərlik Əvhədi yaradıcılığının aparıcı xətti və əsas axarı olmuşdur»
Ümumiyyətlə, təriqət ədəbiyyatı, təsəvvüf və ədəbiyyat problemi Q.Beqdelinin yaradıcılığının əsas istiqamətlərindən olmuşdur. Bunu Q.Beqdelinin 30 il bundan öncə «Varlıq»da dərc etdirdiyi «Təsəvvüf və ədəbiyyat» sərlövhəli silsilə yazılarından daha aydın görmək olar


0 şərh:

Отправить комментарий