17 окт. 2011 г.

Şərq aləmində böyük əks-səda doğuran «Molla Nəsrəddin»in nəşrindən 8 ay sonra onun təsiri altında Arazın o biri tayında – Təbrizdə «Azərbay¬can» satirik dərgisi çap olundu.
«Azərbaycan» dərgisinin redaktoru Əliqulu Səfərov Cənubi Azərbaycanın istedadlı publisistlərindən idi. O, hələ XIX əsrin sonlarında «Şəbnamə», «Ehtiyac», «İqbal» kimi qəzetləri təsis etmişdi.
Ə.Səfərovun oğlunun atası haqda yazdığı xatirəsindən məlum olur ki, «o gənc yaşlarında atasının yanında Rusiya və Türkiyədə ticarətxanaların idarəsi ilə məşğul olurdu. Bu ölkələrdə İran hökuməti tərəfindən sürgün edilmiş siyasi mühacirlər və yerli mütərəqqi ziyalılar ilə sıx təmasda olur. sonralar vətənə xidmət etməkdən ötrü ticarəti tərk edib vətənə dönür».



Ə.Səfərov Təbrizdə öz həmfikirləri ilə bərabər gizli bir cəmiyyət yaratmışdı, «Gizli əncümən» adlanan bu mərkəzdə onunla yanaşı dövrün vətənpərvər ziyalıları iştirak edirdilər. Ə.Səfərov qəzet və digər nəşrləri xalqı ayıltmağın ən təsirli vasitələrindən biri hesab edirdi. 1892-ci ildə Ə.Səfərov Təbrizdə «Şəbnamə» adlı kiçik ölçülü satirik qəzet-vərəqə buraxmağa nail oldu
Ə.Kəsrəvinin yazdığına görə Əliqulu Səfərov «gizli əncumə»nin üzvü olmaq¬la bərabər Məmmədəli Mirzənin «gizli polis» rəisi idi. M.Mirzəyə gələn raportlar, mək¬tublar Əliqulu xanın əlindən keçirdi. O, bu vəzifəsindən istifadə edərək əlbir və həmfikir olduğu yoldaşlarını polisdən qoruyur, həm də ölkədə baş verən cina¬yətləri, mənfi halları açıb «Şəbnamə»də yayır, geniş kütlələri xəbərdar edirdi.
Xalqın ehtiyac və arzularını sadə anlaşıqlı dildə, yeri gəldikdə isə gülməli şəkillərlə özündə əks etdirən «Şəbnamə» Ə.Səfərovun redaktorluğu ilə qeyri-leqal çıxarılırdı. Bu mətbu nümunəsi xalq arasında böyük maraq və rəğbətlə qarşılanır, əl-əl gəzirdi. «Şəbnamə» primitiv jelatin üsulu ilə hazırlandığından onu böyük tirajla yaymaq mümkün deyildi. Ona görə də Ə.Səfərov sonralar litoqrafiya üsulu ilə o dövrün müasir mətbuat standartlarına uyğun olan «Ehtiyac» (1898), «İqbal» (1898) qəzetlərini və «Azərbay¬can» (1906) dərgisini nəşr edir.
«Ehtiyac» qəzetinin cəmi yeddi sayı işıq üzü görmüşdür. Sonuncu sayda Ə.Səfərov yazırdı ki, iranlılar hətta çaydan üçün də xaricilərə möhtacdırlar. Bu acı həqiqətlə barışa bilməyən Azərbaycan hakimi Əmirnazim Gorusi qəzeti bağlamış və Ə.Səfərovu cəzalandırmışdı. Ə.Səfərov bundan sonra «İqbal» adlı qəzet çıxarmışdı. «Ehtiyac»ın bir növ davamı olan «İqbal»ın ömrü çox qısa olmuş, onun cəmi dörd sayı işıq üzü görmüşdü.
«Molla Nəsrəddin» dərgisinin nəşrini Ə.Səfərov böyük sevinc hissi ilə qarşılamışdı. Qafqazın mütərəqqi ziyalıları ilə yaxından əlaqə saxladığı üçün çox ehtimal ki, Ə.Səfərovun «M.Nəsrəddin»in redaktoru C.Məmməd-qulu¬zadə ilə yaxından tanışlığı olmuşdur. Ona dərginin ilk nömrələrində gizli imza ilə çıxış etmək də müyəssər olmuşdu. Bir neçə mənbə Ə.Səfərovun «Molla Nəsrəddin»də Xortdan imzası ilə çıxış etməsini təsdiq edir.*
Mətbuat sahəsində zəngin təcrübəyə malik olan artıq satirik qələm əhli kimi ad çıxaran Ə.Səfərov «Molla Nəsrəddin» dərgisinin nəşrindən ruhlanaraq Cənubi Azərbaycanda «Azərbaycan» adlı satirik dərgi dərc edir. Dərgi həftədə bir dəfə kiçik formatda, 8 səhifədə nəşr edilirdi. Birinci səhifəsi fars dilində, qalan səhifələri isə Azərbaycan dilində idi. Karikaturalar adətən sonuncu səhifədə verilirdi. Dərginin cəmi 20-dən artıq (təxminən 24) sayı işıq üzü görmüşdü. Dərginin redaktoru Əliqulu Səfərov, naşiri Mirzə Ağa Təbrizi idi.
İlk sayda şeir parçaları əsasən Azərbaycan, nəsr hissəsi isə farsca verilirdi. Sonrakı saylarda Azərbaycan dili üstünlük təşkil etməyə başladı.
«Azərbaycan» dərgisi istər forma və üslub, istərsə də məz¬mun və ideya baxımından «Molla Nəsrəddin»ə çox bənzəyirdi.
«Azərbaycan» dərgisinin ilk sayının titul səhifəsində «Molla Nəsrəddin» dər¬gi¬sinin daimi emblemi olan mollanın rəngli surəti əks olunub. Bununla bil¬di¬ri¬lirdi ki, Təbrizdə «Molla Nəsrəddin»in təmsilçisi meydana gəlmişdir. Şəkildə təsvir olunmuş Molla Nəsrəddin sanki onunla yanaşı dayanmış yerli mollaya – Hacı babaya xeyir-dua verir. İkinci nömrədən isə Hacı baba tək verilirdi.
«Azərbaycan» dərgisindən öncə İranda həmişə elmin və mədəniyyətin, tərəqqinin önündə gedən Azərbaycan ziyalıları Tahir Təbrizi, Mehdi ağa Təbrizi, Məmmədəli Tərbiyət, Həsən Tağızadə ölkədə və xaricdə «Əxtər», «Hikmət», «Gəncineyi-fünun» və s. kimi dəyərli mətbu orqanlarını təsis etmişdilər. Bu qəzetlər fars dilində nəşr olunur, daha çox ziyalı təbəqəsi arasında yayılırdı. Müəyyən hissəsi Azərbaycan tükcəsində yazılaraq gizli yolla hazırlanmış xalq arasında yayınlanan vərəqə və kiçik formatlı qəzetlər qeyri-müntəzəm və pərakəndə şəkildə olurdu. Vaxtilə Mirzə Cəlinin «Molla Nəsrəddin» üçün söylədiyi «yazıda böyük cürətimiz o oldu ki, açıq ana dilindən yazmaqdan biz usanmadıq» dahiyanə kəlamını Əliqulu Səfərova da aid etmək olar.
Birinci nömrədə «Xitab beqələm və müqəddimə» sərlövhəli baş məqalədə nəzm və nəsrlə dərginin məram və proqramı ifadə edilirdi. Sonra Hacı Baba imzası ilə «Ey vətəni-mehriban» şeri verilmişdi. Üçüncü səhifədə ölkədə və qonşu ölkələrdən: London, İstanbul, Bakı, Naxçıvan, Miyana, Xorasan, Tehrandan xə¬bərlər verilirdi. Dörd və beşinci səhifələr karikatu¬ralarla bəzədilmişdi. Yeddinci səhifədə Hacı Babanın imzası ilə «Molla Nəsrəddin»ə cavab yazısı getmişdir.
«Azərbaycan» dərgisində illüstrasiyaları Hüseyn Behzad Müsəv¬virzadə çəkirdi. «Azərbaycan» dərgisinin 6 sayında dərc olunmuş yazıda xalqı bir növ uyğusundan ayıldıb, siyasi dərs verirdi:
«Cənab Hacı Baba, bir gün evdə oturmuşdum. Azərbaycan ruznaməsini gətirdilər. Vaqeədə əvvələn müqəd¬dəs ziyarətdəki biz Azərbaycan üçün bir ma¬ye¬yi-iftixardır çox şad oldum. Məşrutənin əvvəlinci şüunatından (bəyanatından – P.M.) birisi məclisi şurayi-milidir. Onun da əvvəlinci bəyanatından birisi məsu¬liyyəti vüziradir. Bunların hamısı ondan ötrüdür ki, bundan sonra millət hamısı asudə olsun və xarici bizlərə əl tapmasın və onda dəxi möhtac olmayaq daha bundan sonra heç bir bədfitrət kargüzarlıq verə bilməz ki, erkək it kimi dişi qurda rəfiq olub bir-bir qoyunları qurda verə, daha bundan sonra Məsudi mülk kimi xalq namusunu pula satan və füqaranın ruzisini həbs edən rəis divanınxana olub gündə 7 tümən rüşvət alıb daşları, qumları biz biçarə millətə çörək əvəzinə yedirə bilməz»
Dərgidə siyasi xarakter daşıyan karikaturalar az deyildi. «Azər¬baycan»ın ikinci sayının birinci səhifəsində Hacı Mirzə Ağasının şəkli təsvir olunmuşdu. Əksin aşağısında onun dili ilə bu sözlər yazılmışdı: «Şor suyun nə qabiliyyəti və keyfiyyəti var ki, vaxtımı ona sərf edim».
Burada Xəzər dənizindən söhbət gedirdi. Hacı Mirzə Ağasının timsalında Rusiyanın Xəzər dənizi ilə bağlı iddialarına qarşı heç bir müqavimət göstərməyən yüksək rütbəli məmurların etinasızlığı və dövlət əhəmiyyətli məsələlərə barmaq¬arası baxması kəskin tənqid olunurdu. Dördüncü sayının birinci səhifəsində Mirzə Əli Əkbər xan Atabəyin dizi üstündə İranın xəritəsini tutub orada əli ilə Azərbaycan əyalətini göstərərək dediyi sözlər əks olunub: «Əslən mənim ürəyim Azərbaycana bağlı deyil, gələcəkdə bu vilayəti kəsib atmaq lazımdır».
Digər bir karikaturada qoyun sürüsünün içinə düşmüş canavar və uzaqdan bu mənzərəni görən iki nəfər göstərilir. Şəklin aşağısında yazılıb: «Ay, haray, canavar qoyun sürüsünün axırına çıxdı». Yaxınlıqda sürünün çobanı elə d¬ərin yuxuya gedib ki, onu heç top-tüfənglə də oyatmaq mümkün deyil. Karikaturada obrazlı şəkildə canavarın simasında ölkənin təbii sərvətlərini amansızcasına istismar edən yadellilərə, çobanın simasında isə ölkəni idarə edə bilməyən başçıya işarə edilir – şah və onun sarayı tənqid olunurdu.
Dərginin hər səhifəsində belə mənalı şəkillərə rast gəlmək olardı. Onu xalq arasında populyarlaşdıran bu cür rəngarəng şəkillərlə bərabər, həm də yerli şairlər tərəfindən yazılmış duzlu-məzəli şeirlər idi. Qəzetdə Azərbaycan türkcə¬sində çap olunmuş şeirlər Təbrizdə dildən-dilə gəzir, hətta uşaqlar da həmin şeirləri əzbər bilirdilər.
«Molla Nəsrəddin» jurnalının nəsr nümunələrində Mirzə Cəlil və Əbdür¬rə¬him bəy Haqverdiyevin, şeir parçalarında isə M.Ə.Sabir və Əli Nəz¬mi¬nin təsiri aydın hiss olunurdu. Sabirin şeirlərinin ruhu cənublu şairlərə çox doğma idi. Sabirə nəzirə, cavab və təqlid şəklində də yazılan bu şeirlərin müəllifinin adı gizli saxlanırdı. Dərgidə Seyid Rza Sərraf, Əbdülhüseyn Xazin kimi şairlərin iştirakı şübhəsiz idi. Həmid Məmmədzadə onların sırasına Ləli və Mirzə Əli Möcüz kimi şairləri də daxil edirdi.
«Azərbaycan» dərgisində dərc olunmuş şeirlərdə M.Ə.Sabirin təsiri aydın duyulur:

Ey Molla əmi, boş yerə cindarə sataşma,
dindarə dolaşma!
Bu hiyləgərə, sahurü qəddarə sataşma,
məkkarə dolaşma…
…İş çoxdu təriqətdə, əya arifi-kamil,
Tərk eylə xətanı, bu xətakarə sataşma!..
rumdarə dolaşma!

Sabirin «Hə, de görüm, nə oldu bəs, ay balam, iddialərin» misrasından ilham alan Cənubi Azərbaycan şairi eyni vəzn və üslubda şairə cavab şəklində yazırdı:
Hə, görüsən, yerindədi birbə bir iddiamızı,
Gör necə müstəcab edib tanrı bizim duamızı,
Verdi kəmali-lütf ilə mətləbü müddəamızı,
İndi necə, Molla əmu, mən deyən oldu, olmadı?
Jurnalın 5-ci sayında dərc olunan felyetonun ana xəttini Sabirin məşhur bir şeri təşkil edir: «İstirahətə məşğul olan üləmamız da Rəştdə, Təbriz və İsfahanda binayi-müxalifət qoyub və milləti-islama heç bir qismi himayələri yoxdur:

Millət necə tarac olur-olsun, nə işim var,
Düşmənlərə möhtac olur-olsun nə işim var?!
Yeri gəlmişkən Sabirin haqqında söhbət açdığımız «Millət necə tarac olur-olsun, nə işim var» misrası ilə başlayan bu şeiri «Hikmət» qəzetinin redaktoru Mirzə Mehdi xan tərəfindən fars dilinə tərcümə edilib «Azərbaycan»da çap olunmuşdur.
Jurnalın ikinci sayında şair Sərrafın Sabiranə üslubda «Çətin xahiş» adlı şeiri dərc olunub. Öz millətini Şərqin «ölümdən də betər» uyğusundan oyatmaq istəyən şair xalqı hərəkətdə olmağa, qurub-yaratmağa, tərəqqiyə səsləyir:

Ey milləti-islam, oyan vəqti-səhərdi,
Dur, gör nə xəbərdi!
Bəsdir, bu qədər yatma, çürürsən, nə xəbərdi,
Dur, vəqti səhərdi!
Min yerdən ayıldır səni biçarə əhibba,
Tərpənmə sən əsla,
Yatmaq belə olmaz, bu ölümdən də betərdi,
Dur, vəqti səhərdi!
Dərginin səhifələrində yaxın və uzaq ölkələrdə baş verən hadisələrdən bəhs olunurdu. İkinci sayda Rusiyada baş verən inqilabi hərəkatdan, Rusiya dövlət dumasının gördüyü tədbirlərdən geniş danışılırdı. Məqalə müəllifi, görünür, oxuculara gözüaçıq olmağı, onları ziyalıların xalqın səy və fədakarlığı bahasına əldə olunmuş Məşrutədən bəhrələnməyə və onu saxlayıb qorumağa səsləyirdi. Dər¬ginin səhifələrində Böyük Fransa İnqilabı haqqında yazılar dərc olunur, onun mahiyyəti açıqlanırdı. Bütün bu yazılar oxuculara inqilabi vətənpərvərlik ruhu aşılayırdı. Ölkədə ziyalıların ən ağrılı yeri məktəb və mədrəsə ilə bağlı idi. Ona görə də «Azərbaycan maarifçilik ideyasının xalq kütlələri arasında təbliğinə, yayılmasına çalışırdı. Ana dilində məktəb və dərsliklərin olmaması bir sıra maarifçilərin, xüsusilə Mirzə Həsən Ruşdiyyənin səylərinin mürtəce ruhanilərin təzyiqinə məruz qalması dərgidə böyük təəssüf hissi ilə qarşılanırdı. Ölkənin, xüsusilə Azərbaycan vilayətlərinin elm, təhsil, sənət sahələrindəki geriliyi satirik qələmlə ifşa olunurdu. İkinci saydakı xəbərlərə nəzər salaq:
«Qərəcədağ. Hökumət fövqəladə maddi zayiələrə dözüb, ağır pullar qoyub bir darülfünun və bir də darüssənaye açıbdır».
«Livan. Lüleyinin ixtira olunmasının ildönümü münasibətilə cəşn tutub və müxtərin mücəssəməsini tökmək istəyirlər».
Jurnalın 5-ci sayında «Gəldi-gedər» imzası ilə bir felyeton da İranda, xüsusilə Cənubi Azərbaycanda balaca kibritin belə istehsal olunmadığından danışılır. Ölkənin iqtisadi cəhətdən geridə qalması tənqid edilir. «…Qəzzarə bu gün bazara çıxdım. Mənə kibrit lazımdı. Hər dükandan İran kibriti istədim, tapmadım. Axırı təngə gəlib ayağımı qoyub Peterburqdan bir qutu alıb qayıtdım. Mənim təəccübüm burdadır: ümumi müvəhhidin odu aləmi yandırır, amma … bizləri də xaricilərin odu yandırır».
Dərgidə imzasız satirik şeirlərdən birində vətənpərvərlik hissi qabarıq verilirdi:
Aləmdə olub zülm eləmək hər kəsə pişə,
Zülmün ağacı salmış odur hər yerə rişə.
Bu rişəyə lazımdı vuraq ədl ilə tişə,
Ta inki ədalət gələ izharə vətəndə.

Bu atəş zülm içrə səməndər kimi yanırıq,
Yannıq, nə qədər taqətimiz varsa dayannıq.
«Azərbaycan» dərgisini araşdıran Məmmədrza Heyət dərginin Cənubi Azərbaycan xaricində – İranın müxtəlif yerlərində izləndiyini, eyni zamanda Bakı və İstanbulda diqqətlə oxunduğunu qəzetə göndərilən məktublardan və qəzetin elanlarından bəlii olduğunu qeyd edir» Dərginin beşinci sayında dərginin Bakıdakı təmsilçisinin Kazımzadə adlı bir şəxs olduğu bildirilir.
Doqquzuncu sayda yenə də Bakıda aprel ayının əvvəlində Nikolayevski küçəsində (Hacı Zeynalabdin Tağıyevin mətbəəsində – P.M.) «Tazə həyat» adlı ədəbi, ictimai-siyasi qəzetin nəşr olunması ilə bağlı elan verilmişdir.
Dərginin 18-ci sayında Ədirnədən göndərilən bir məktuba cavab şəklində olan bir felyeton dərc olunmuşdur Ədirnəli oxucu «yer üzünün ən əliaçıq sultanı kimdir?» deyə bir sorğu ilə «Azərbaycan» dərgisinə müraciət edir. Dərginin yazarına görə yer üzünün ən əliaçıq sultanı Osmanlı padşahıdır. Çünki islam qazilərinin gücü ilə fəth edilən torpaqları kimsədən əsirgəməmişdir. Sonra yazı müəllifi əyani misallar çəkərək yazır: «Məsələn, Misir torpaqlarını rica edirlər, sultan dərhal mərhəmət buyurur, sonra Bolqarıstanı istirham etdilər (istədilər – P.M.), «önəmli deyil» dedi. Bir qrupu Samus adasını aldı, «sizə minnət borcluyam» dedi. Sonra Lubnan (Livan – P.M.) dağını istədilər, «oranı sizə bağışlayıram» dedi. Hersoqdan (Hersoqovina – P.M.) söz edilincə, «tamam», dedi. Bosniyaya gəlincə, dərhal təqdim etdi. Kıprısı (Kipr adası – P.M.) istirham etdilər, «məmnuniyyətlə» dedi: Sonra Kiridi (Krit adası – P.M.) istədilər, onların ümidini qırmadı və nəhayət Makedoniyanı tələb etdilər, «sizə layiq deyildir», dedi…».
Sonda Ədirnəli oxucunun «indi soltan nə işlə məşğuldur?» sualına cavabında isə İran-Osmanlı sərhədinə soruşmaq lazım – deyə qısa bir cavab vermişdir].
Doqquzuncu saydan başlayaraq dərgidə şeir və elan¬lardan başqa digər yazılar farsca verilir. M.Heyət dərgidə dərc olunan elanların yalnız Quzey Azərbaycanla bağlı olanların farsca yazıldığını bildirir. O, öncəki saylarda materialın yazıldığı dil nisbətinin təxminən 50 faiz olduğunu xatırladır. Sonrakı saylarda fars dilində yazıların daha çox yer alması ilə bağlı dərgidə heç bir açıqlama verilmədiyini vurğulayır.
Bizə elə gəlir ki, bunun səbəbini həmin illərdə ölkədəki siyasi-ictimai durumda axtarmaq daha düzgün olardı.
Dövrünün demokratik mətbu orqanı olan «Azərbaycan» dərgisinin sələfi olduğu «Molla Nəsrəddin» kimi xalqa gün ağlayır, onu ictimai fəaliyyətə həvəsləndirir, siyasi şüurun artmasına, yeni mütərəqqi mədəniy¬yətə qovuşmasına çalışırdı. Bir gülgü dərgisi kimi «xalqı yazmaqnan və kinayəli sözlərnən xabi-qəflətdən oyadıb başa salırdı».
Məmmədlui Abbasi «Azərbaycan» dərgisinə həsr etdiyi məqaləsində ona çox yüksək dəyər verib yazırdı ki, bu illər Azərbaycan millətini həqiqi demokratik azadlıqların mahiyyətini mənimsəməyə sövq edən, xəlqi milli ruhda tərbiyə edən mətbuatın ən mütərəqqi qabaqcıl və irəlidə gedəni «Azərbaycan» məcmuəsi idi
Şübhəsiz ki, xalqın xabi qəflətdən oyadıb, onun gözlərini açan, «Azər¬bay¬can» kimi bir mətbu orqanı ölkədəki mütrəce qüvvələrin nifrətini özünə cəlb et¬mə¬yə bilməzdi. Onlar var qüvvələri ilə dərginin qapanmasına çalışırdılar. Məş¬ru¬tə inqilabının yüksəlişi illərində düşmənlərin dərgiyə hücumu heç bir nəticə vermədi.
Təbrizdə Məşrutə inqilabının rəhbəri Səttarxanın şəxsən dərgini himayə etməsi mürtəcelərin sükutuna səbəb olmuşdu. İnqilab Tehrandan gələn silahlı qüvvələrin ağır hücumlarına məruz qaldıqda mürtəce qüvvələrin də mənfi təsiri dərgi üzərində gücləndi. Ona görə də ilk saylarını da Azərbaycan dilində yazılmış məqalə və bədii yazılara tez-tez rast gəlinirdisə, 9-cu sayından sonra fars dilində yazılmış yazılara dərgidə daha geniş yer verilməyə başlandı. Eyni zamanda son saylardakı məqalələrin siyasi kəskinliyi azalır, liberalizmə meyl açıq-aşkar duyulurdu. Beləliklə, mürtəcelərin ilk təsiri farsca yazıların çoxluğu ilə nəticə¬ləndisə, onların sonrakı təsiri dərginin bağlanması ilə nəticələndi.
Dərginin 6 sayında Azərbaycanda və mühacirətdə azərbaycanlılar tərəfindən rejimin qəzəbinə tuş gələn «Əlmər¬hum və əlməxfur» – «Kamal», «Gənciyeyi-fünun», «Pərvəriş», «Əxtər» və s. mətbu orqanları hörmətlə yad edilirdi.
Az bir müddət fəaliyyət göstərməsinə baxmayaraq «Azərbaycan» dərgisi Cənubi Azərbaycan mətbuatı və ədəbiyyatı tarixin öz yeni töhfələrini verdi. Məşrutə inqilabı dövründə demokratik fikirlərin yayılmasında bu dərginin böyük xidmətləri danılmazdır.

0 şərh:

Отправить комментарий