12 окт. 2011 г.


Çağdaş dövrümüzdə elə bir yazar tapmaq mümkün deyil ki, yaradıcılığında Güney Azərbaycan mövzusuna yer ayırmasın. Iranda azərbaycan türklərinin varlığı,onların zaman-zaman bu ölkənin tərəqqisi yolunda çoxsahəli əvəzsiz xidmətləri,ötən əsrin 20-ci illərindən başlayaraq hakim millətçi Pəhləvi rejimi sonralar isə molla rejimi tərəfindən tərəfindən onlara qarşı basqılar,milli istiqlal və milli kimlik uğrunda apardıqları mücadilələr hələ XİX əsrin II yarısından başlayaraq Həsən bəy Zərdabi,Əhməd Ağaoğlu,Əli bəy Hüseynzadə,Məmmədəmin Rəsulzadə,Mirzə bala Məmmədzadə,Mirzə Cəlil Məmmədqulqzadə, Mirzə Ələkbər Sabir,M.Ibrahimov, M.S.Ordubadi,Nəriman Nərimanov və başqalarının əsərlərində bu və ya digər şəkildə öz əksini tapıb.Iki əsr bundan əvvəl parçalanmış xalqın faciəsini,ayrılıq və həsrətlə bağlı hiss və duyğularını ədəbiyyata gətirilməsi məsələsinə gəldikdə isə bu mövzu əsasən ötən əsrin 40-cı illərindən etibarən gündəmə çıxarılıb. Bir az da dəqiqləşdirsək, 40-cı illərin əvvəllərində Təbrizdə Quzeyli ziyalılar tərəfindən nəşr olunan və yayınlanan mətbu orqanlarındakı ədəbi və publisistik yazılardan.Heç şübhəsiz ki, Süleyman Rüstəmin,Rəsul Rzanin“Vətən yolunda”qəzetində,”Azərbaycan” dərgisindəki fəaliyyətləri bu sahədə ilk təşəbbüs olub.

Ürəkdə min yaran vardır,yazıq millət, yazıq millət,
Sənə hər ləhzədə canını qurban edən yandı.

Qonub damlarda asudə ötür heybətlə bayquşlar,
Əlində haqqı bayraq eyləyən,düz yol gedən yandı.-misralarını Süleyman Rüstəm Təbrizdə olduğu günlərdə qələmə almışd;”Vətən yandı”adlı bu qəzəl ilk dəfə“Vətən yolunda”qəzetinin 1941-ci ilin 19 dekabr sayında çap olu nmuşdur.Qəzetin sonrakı saylarında şairin «Təbrizim», «Arazın dərdi», «Qardaşımın dərdi», «Araz qırağında», «Vətənim»və bu kimi şeirləri görünməyə başladı. Bu şeirlər o illərdə ilk dəfə olaraq ikiyə bölünmüş xalqın ayrılıq həsrətindən danışırdı.Beləliklə « ayrılıq,həsrət» motivlərinin ədəbiyyata gətirilməsinin ilk bünövrəsi Süleyman Rüstəm tərəfinddən”Vətən yolunda”qəzetinin səhifələrində qoyulmuşdur. Digər bir Azərbaycan şairi Rəsul Rza isə bu yöndə çoxsahəli fəaliyyət göstərmişdir.
R.Rza Təbrizə ilk gəlişində həyəcanla bu sözləri söyləmişdi;Təbriz bizim üçün adi şəhər deyil, sözün əsil mənasında paytaxtdır.Şah İsmayıl Xətainin,Səttarxanın,Bağır xanın,Şeyx Məhəmməd Xiyabaninin,neçə-neçə söz dahilərinin yadigar qoyub getdiyi şəhərdir.Mənim bura gəlişimdən tarixdə ad qoymuş şəhərin və cənublu qardaşlarımızın bu günki həyatından sənədli film çəkməkdir.İstəyimiz budur ki,qoy gələcək nəsillərə ataların,babaların qəhrəmanlıqla dolu həyatından bir yadigar qalsın. İnsanların bir zaman unuda biləcəklərini qoy olduğu kimi kino lentində saxlayaq.Sabah gələcək nəslimiz bizi utanqanlıq üstündə qınamasın”
R.Rsa Təbrizə səfəri ilə Cənubi Azərbaycanın iftixar dolu həyat səhnələrini lentə köçürüb əbədi olaraq tarixə saldı. Azərbaycanı tanıdan və bu torpaqda baş verən həqiqətləri dünyaya bəyan edən sənədli və tarixi bir əsər yaratdı
”Arazın o tayında” filmini çəkməklə.
Təbrizin yolları oyum-oyumdur
Yanıq dağdan qalxan duman olaydım.
Dərdli könüllərdə ümid olmasam
Heç olmasa zəif güman olaydım.
Bu misraları Rəsul Rza 50 -ci illərdə yazıb.Xalq yazıçısı Anarın təbirincə desək,45-ci ilin 21 Azər fərəhi də,46-cı ilin yenə də 21 Azər faciəsi də Şimali Azərbaycan ziyalılarının (eləcə də Rəsul Rzanın-P.M.) şahidi olduqları hadisələr idi. Rəsul Rza Təbrizdən əbədi ayrılığının xiffətini çəkərək yaradıcılığında bu duyğuları əks etdirib
40-cı illərin birinci yarısında Quzey Azərbaycan ədəbiyyatında Cənub mövzusunda yazılmış ilk əsərlərdən biri də R.Rzanın “Hilal” poeması idi.
Rəsul Rzanın cənub mövzularında yazdığı əsərlərindən və “Arazın o tayında” filmindən başqa Güney Azərbaycan qarşısında digər xidməti “Azərbaycan” jurnalının baş redaktoru kimi fəaliyyəti ilə bağlıdır. Deyilənlərə aydınlıq gətirmək üçün bu mövzudan ətraflı bəhs açmaq yerinə düşərdi.
İkinci cahan savaşı illərində Stalinin İrana,özəlliklə Güney Azərbaycanla bağlı müəyyən niyyət və planları vardı.Stalin Güneydə tapladanan hüquqları uğrunda mübarizəyə qalxmağa hazır olan sosial-siyasi qüvvələrin mövcudluğunu da bilirdi.
Digər bir tərəfdən isə sovet qoşunlarının həmin əraziyə daxil olması üçün şərait yetişmiş, Qırmızı ordu 1941-ci il avqustun 25-də sərhədi keçib, Güney Azərbaycana daxil olmuşdu.
Quzeyli qardaşları ilə yaxınlığa güclü meyl olması Stalinin cənub haqqında düşünülmüş gizli planlarına tam cavab verirdi. Qırmızı ordu ilə birlikdə bir qrup Azərbaycan ziyalıları da Təbrizə gəldilər. Başda M.C. Bağırov olmaqla rəhbər partiya və dövlət işçiləri, ziyalıları, hərbi qulluqçuları və s. üzərinə fövqəladə və səlahiyyətli bir vəzifə Güney Azərbaycanda milli-mədəni və siyasi dirçəlişə yardım vəzifəsi qoyulmuşdu.
Siyasi büronun qərarı ilə bu sahədə görüləsi işlər müəyyənləşdirilmişdi və qərardakı bəndlərin bir neçəsi mədəniyyət məsələləri ilə bağlıydı.İlk illər ərəb əlifbası ilə azərbaycan dilində üç qəzet nəşr etmək nəzərdə tutulmuşdu Qeyd etmək lazımdır ki, M.C.Bağırovun təşəbbüsü ilə yerli əhali arasında siyasi, ideoloji, mənəvi, mədəni iş aparmaq və həm də onlara qayğı göstərmək məqsədi ilə Azərbaycan K(b)P MK-nın katibi Əziz Əliyevin rəhbərliyi altında xüsusi qrup yaradılmışdı. Bu qrupda təbliğat məsələləri, inzibati-təsərrüfat işləri, xüsusi əməliyyatların aparılması ilə ayrı-ayrı şəxslər məçğul olurdu.Təbrizdə Azərbaycan dilində çıxacaq ordu qəzetinin redaktorluğu Mirzə İbrahimova tapşırılmışdı. «Vətən yolunda»adlanan bu qəzetlə yanaşı digər şəhərlərdə Urmiyada Zülfəli İbrahimovun redaktorluğu ilə Azərbaycan dilində «Qızıl əsgər», Rəştdə isə Xasay Vəzirovun redaktorluğu ilə fars dilində «Sərbaze sorx» (Qızıl əsgər) qəzetləri çıxırdı.
Sentyabrın 21-dən Cənubi Azərbaycanda fəaliyyətə başlamış missiya tez bir zamanda əhalinin rəğbətini qazana bilmişdi.

Azərbaycan dilində çıxan mətbu nümunələrinin xalq arasındakı nüfuzunu göstərmək üçün yerli müəllif M.Biriyanin yazdığı məqaləyə nəzər salmaq kifayətdir” Mehrin (oktyabr ayı nəzərdə tutulur – P.M.) 22-də saat 10 radələrində Tərbiyət xiyabanı qarşısından keçərkən əhalinin bir nəfər kiçik oğlanın dövrəsinə yığışaraq qəzet almalarını gördüm. Saqqalı ağarmış bir qoca kişi əlində pul tutaraq camaatı itələyə-itələyə ruznamə almaq istəyirdi. Müsaidə edərək ruznamənin birini alıb ona verdim. O sevincək ruznaməni alaraq dedi: Ağa, əgər mümkün olarsa bir az oxu görək nə yazırlar. Onun xahişini yerə salmadım, oxudum. qoca dərindən bir ah çəkdi. Mən heyrətlə səbəbini sual etdim. O üzünü mənə tutub: - Çox şükür ki, belə sadə dildə yazırsınız dedi və ruznaməni əlimdən alıb mənimlə xudahafiz¬ləş¬di. Və ömrünün son illərində Azərbaycan dilində yazılmış ruznaməni əlləri titrəyə-titrəyə başqalarına göstərmək üçün sürətlə getdi»
Sovet-alman cəbhəsində vəziyyətin gərgin xarakter alması Güney Azərbaycanda olan siyasi işçilərin Bakıya geri çağırılması ilə nəticələnmişdi. Sovetlər Birliyi bir də bu mə¬sələyə böyük müharibədə əsaslı döyüş başa çatdıqdan sonra qayıtdı
1944-cü ildə Güney Azərbaycana yenidən işçi qrupu göndərilmişdi.
1943-cü ildə Tehranda Sovet İttifaqı ilə mədəni əlaqə saxlayan İran cəmiyyəti yaradıldı. Xüsusi qrupun fəaliyyəti nəticəsində Sovet İttifaqı ilə mədəni rabitə saxlayan İran cəmiyyətinin Təbriz şöbəsi və Təbrizdə Sovet mədəniyyəti evi açıldı. Müharibənin tədricən rusların xeyrinə dəyişməsi ilə əlaqədar Moskva Cənubi Azərbaycan məsələsinə 1944-cü ildə yenidən qayıtdı və Sovet Azərbaycanından Cənuba yeni işçi qrupu göndərdi.
Onu da xatırlatmaq yerinə düşər ki, ki,1945-ci il dekabrın 12-də 21 Azər hərəkatının qələbəsi ilə əlaqədar fəaliyyətə başlamış Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvəri Azərbaycan Milli Hökumətinin Baş naziri təyin edildi. Məhz həmin hökumət İranın daxilində Azərbaycanın milli muxtariyyət hüququnu bərpa edərək azərbaycanlıların öz ana dilində danışmaları, yazıb-oxumaları üçün şərait yaratdı. Məktəblərdə ana dilində dərslərin keçirilməsini təmin etdi. Ölkədə aparılan islahatlarla əlaqədar milli hökumət müvafiq strukturların yaradılmasına başladı; aqrar qanun, əmək haqqında qanun, dil haqqında qanunlar qəbul etdi. Bu qanunda Azərbaycan dili bütün Azərbaycan ərazisində rəsmi dövlət dili elan olunmuşdu.
Qısa bir müddət ərzində (ana dilində dərsliklərin, ədəbiyyatın, mətbuat nümunələrinin çap olunmasına, radio verilişlərinin səslənilməsinə başladı. Qəzet və jurnallar, sayı 50-ni ötən dərsliklər, müxtəlif ədəbiyyat əsərləri nəşr edildi, kinoteatr tikildi, radiostansiya və radiokomitə yaradıldı. Milli qəhrəmanlara – Səttarxan və Bağırxana heykəllər ucaldıldı. Behzad adına İncəsənət Muzeyi yarandı. Ərdəbil, Astara və Marağa şəhərlərində teatr binaları tikildi. Azərbaycan Rəssamlar və Heykəltaraşlar Cəmiyyəti təşkil olundu. Onlarla kitabxana və qiraətxana fəaliyyətə başladı. Şəhər və kəndlərdə ibtidai və orta məktəblər yaradıldı. 1946-cı ildə Təbriz Universiteti təsis olundu.
Milli hökumət Azərbaycanın sosial-iqtisadi tərəqqisinə yol açdı, milli zülmün nəticələrini ləğv etdi, azərbaycanlıların varlığını bir daha təsbit etdi.
O illərdə ayrı-ayrı ədəbi-mədəni və siyasi cəmiyyətlərin birliklərinin öz mətbu orqanları mövcud idi,onların sayı 4o-ı aşırdı.
Azərbaycanın milli istiqlal tarixində çox əhəmiyyətli yer tutan yeni qurulmuş Demokratik Hökumət onun həyata keçirdiyi mütərəqqi islahatlar təbii ki,o dövrdə yaşayan hər bir azərbaycanlı ziyalının ürəyindən idi və işə qoşulmaq üçün bütün bütün bacarıq və qüvvəsini ikiqat sərf etməyə hazır idilər.
1945-ci ilin oktyabrında sonralar Azərbaycanda dövlətlərarası münasibətlərin əsasını qoyan Azərbaycanın İranla Mədəni Əlaqələr Cəmiyyəti (sonralar Azərbaycanın Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyəti) yaradıldı. Bu quruma görkəmli şair Səməd Vurğun başçılıq edirdi. Fəaliyyətinin ilk mərhələsində cəmiyyətin funksiyası Azərbaycanın elm və mədəniyyət sahəsindəki nailiyyətlərini İranda tanıtdırmaqdan ibarət idi. Daha sonra isə İran üçün radio verilişlərinin və başlıca olaraq Azərbaycan ədəbiyyatına həsr olunmuş kitab və kitabçaların hazırlanması kimi fəaliyyət sahələri də oraya daxil oldu.
Cəmiyyətin çap orqanı 1945-ci ilin avqustundan Azərbaycan dilində ərəb əlifbasında şair Rəsul Rzanın redaktorluğu ilə nəşr olunan aylıq ictimai-ədəbi «Azərbaycan» jurnalı idi.Jurnal yüksək polioqrafik səviyyədə olub 30 min tirajla çıxırdı. Dərgi 1-ci sayında yazırdı: «Azərbaycan» məcmuəsi xalqımızın qədim mədəniyyəti və ədəbiyyatı, tarixi və azadlıq mübarizəsilə oxucularımızı müntəzəm surətdə tanış edəcək, istər Sovet Azərbaycanında və istərsə də Cənubi Azərbaycanda yaşayan yazıçı və alimlərimizin elmi, ədəbi məqalələrini öz səhifələrində dərc edəcəkdir.Bununla da məcmuəmiz Azərbaycan xalqının gələcək tərəqqi və yüksəlişinə kömək etməyə çalışacaqdır»
Bakıda əski əlifba ilə Azərbaycan dilində nəşr olunub (cəmi 17 say) Güney Azərbaycanda yayımlanan ədəbi və rəngli illüstrasiyalı bu jurnal həm forma, həm də məzmun cəhətdən və yüksək səviyyəsi ilə seçilirdi.
Jurnalda çap olunan mövzulara gəldikdə isə onlar iki istiqamətdə idi. I. sovet sosialist ideologiyasının təbliği, II. yerli əhalinin maarifləndirilməsi. Birinci sıraya daxil olan yazılarda sovet döyüşçülərinin cəbhədəki qəhrəmanlıqları, antifaşist təbliğatı, sovet cəmiyyətinin və sovet həyat tərzinin gözəl boyalarla təsviri, sosializmin kapitalizmdən üstün olduğunu «ciddi cəhdlə» göstərməklə sovet cəmiyyətinin gələcəkdəki xoşbəxt proqnozu verilirdi. «Böyük Vətən müharibəsi cəbhələrində», «Böyük Vətən müharibəsi qəhrəmanları», «Sovet İttifaqında» və s. rübrikalar altında gedən bu yazılar o illərdə sovet mətbuatında dərc edilən materialların bir növ eyni idi.Təbii ki,sovetlər ölkəsinin hər sahədə uğurlarından danışan jurnal İranda Kommunist təbliğatına xidmət edirdi.
İkinci qismə isə Azərbaycan mədəniyyətini, Azərbaycan klassik və çağdaş dövründəki ədəbi simaları, dil və ədəbiyyat tarixi, dünya ədəbiyyatı nümunələrini, məktəb və maarif sahələrini özündə əks etdirən yazılar daxil idi. Jurnal belə yazıları verməklə yüksək bir amal güdürdü;Cənubda milli şüurun, və milli iftixar hissinin oyanmasına çalışırdı.Rəsul Rzanın jurnalın 1945-ci ildəki oktyabr sayında çap olunmuş “Milli Şüur və milli iftixar” məqaləsi məhz bunun la bağlı idi. Məqalə ilə tanış olaq;
«İnsan uşaqlıq, gənclik və kamillik dövrü keçdiyi kimi millətlər də həmin dərəcədə bu yolu keçir. Milli şüur bir xalqın öz istedad və bacarığını dərk etmək, millətin ümumi mənafeyi və ziyanını görmək, ümummillətin rifah və səadəti üçün çalışmaq yolunda hər cür fədakarlığın zəruri olduğunu dərk etmək deməkdir… Milli şüuru oyanmamaış və ya hələ də lazımınca oyan¬mamış millətlər daima başqalarının ağalığına və zülmünə məruz qalır. Yalnız kənardan deyil, öz daxilində dəxi mürtəce qüvvələrin nüfuz və təsirinə boyun əyməli olur. Şübhəsizdir ki, milli intibah, milli şüurun oyanması bir günün, bir ilin işi olmayıb əsrlərin kəskin və amansız fırtınaları içərisində doğur. Bu millətin içərisindən çıxan ayrı-ayrı proqressiv nümayəndələr, alim və yazıçılar hələ də xalqın bir küll olaraq intibah yoluna düşdüyünü isbat etmir. Azadlıq dərk edilmiş zərurətdirsə, bu azadlığı duymaq, onun zəruri olduğunu hiss etmək üçün xalqın bütün nemətlərini yaradan geniş kütlələrin milli şüurunun arması, xalqın özünəməxsus ənənə, sənət və məişət gözəlliklərini həqiqətən sevilib inkişaf etməsi şərtdir… İran Azərbaycanında yaşayan Azərbaycan xalqının yetirdiyi alim, yazıçı və inqilabçılar bu xalqın milli şüurunun artma¬sınad, onun azadlıq və istiqlaliyyət yolunda apardığı mübarizədə çox böyük xidmət göstərmişlər… Bu xalqın azadlıq yolundakı mübarizəsində öz canını qurban vermiş yüzlər və minlərlə həqiqi vətənpərvər və milətpərvər mücahidlər vardır ki, onların hər damla qanı milli şüur inkişafının yolunda tökülüb, bu yolu təmizləməyə xidmət etmişdir. Odur ki, Azərbaycan xalqı yaratdığı bu tarixi simaların həyatı, işi və əsərləri ilə fəxr edir. Milli iftixar hissi, milli şüurun doğrudan-doğruya bir nəticəsidir. Milli şüuru oyanmamış, öz yaradıcılıq qüdrətinə inam bağlamamış bir xalqda milli iftixar hissi dəxi çox zəif və məzmunsuz olur. Biz azərbaycanlı olduğumuzla fəxr edirik. Bu iftixar hissini bizdə doğuran səbəb Azərbaycan xalqının «seçilmiş xalq» olduğuna «başqalarından yaxşı» oluğuna görə deyil, bəlkə də «övraqi-həyatda» bizim də millətin imzası şərəfli yer tutduğu üçündür. Sovet Azərbaycanında inqilabdan sonra açılsmış yüzlərlə ali və orta məktəblər, neçə-neçə tədqiqat müəssisələri, muzeylər, kitabxana, teatr və sinemalar, təzə tikilmiş zavodlar, maşın¬laşdırılmış kənd təsərrüfatı xalqın milli şüurunun artmasına, onun ən vacib duyğularının təzahürünə böyük imkanlar yaratdı. Biz azərbaycanlı olduğumuz üçün fəxr edirik, çünki Azərbaycan xalqı dünyanın ən hürriyyətsevən, ən ünsiyyətli, ən qəhrəman və alicənab xalqlarındandır. Bizim qəlbimizi dolduran iftixar hissi Azərbaycan xalqının böyük yaradıcı qüdrətinə əsaslanır, onun azadlıq üçün hər şeyi fəda etməyə hazır olan iradə və mətanətinə əsaslanır».
Qeyd edək ki, jurnalda şair Rəsul Rzanın digər bir yaradıcılıq qabiliyyəti və ya üslubumu deyək , üzə cıxmışdı.Bunu onun “Azərbaycan” jurnalının səhifələrində dərc etdiyi publisistik yazılar söyləməyə əsas verir.İstər örnək gətirdiyimiz yazı,istərsə də A zərbaycana məxsus milli-mədəni dəyərləri layiqincə təbliğ etməyə yönəldilən başqa məqalələr onun həm də istedadlı bir publisist oldüğunu sübut edirdi.

“Azərbaycan” jurnalında müntəzəm olaraq xalqın tarixi qəhrəmanlıq səhifələrindən, klassik ədəbi nümunələrdən, çağdaş şairlərin əsərlərindən parçalar verilirdi.Tarixi milli qəhrəmanlar Babək, Koroğlu haqqında, Azərbaycanın böyük dövlət xadimləri Cavanşir, Şirvanşah İbrahim, Şah İsmayıl Xətai, Fətəli xan, Cənubi Azərbaycanın azadlıq mücahidləri Səttərxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani, Heydər Əmioğlu haq¬qında, Seyid Cəfər Pişəvəri və onun hökumətinin ayrşı-ayrı üzvləri haqqında ətraflı bilgilər verilirdi. Şimali və Cənubi Azər¬baycan ədəbiyyatımızın klassikləri Xətib Təbrizi, Xəqani, Məhsəti, Nizami, Nəsimi, Füzuli, Əmani, Qövsi Təbrizi, Saib Təbrizi, Sarı Aşıq, M.Ş.Vazeh, A.Bakı¬xanov, M.F.Axundov, X.B.Natəvan, Heyran xanım, Şükuhi, Nəbati, S.Ə.Şir¬vani, Rüşdiyyə, Xalxalı, M.C.Məmmədquluzadə, Sabir, Möcüz, Talıbov, Ham¬mal, M.S.Ordubadi, A.Şaiq, S.S.Axundov, C.Cabbarlı və başqaları haq¬qında məqalələr, çağdaş ədəbiyyatdan nümunələri Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixinin görkəmli simalarını tanıtdırmaq və müasir şairlərin yaradıcılığını inkişaf etdirmək işinə xidmət edirdi.
Görkəmli filosof Heydər Hüseynovun “Azərbaycanda ictimai fikrin inkişafı tarixindən “ rubrikası altında gedən”Nizaminin ictimai məfkurəsi”, “Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətai”, ”Böyük maarifpərvər Həsən bəy Zərdabi”,”Şərqin ilk dramaturqu M.F, Axundov”,”M.F,Axundovun ictimai görüşləri”və s.bu kimi dəyərli silsilə yazıları hər iki tayda maraqla qarşılanır və sonralar yazılacaq neçə-neçə tədqiqat əsərlərinin mötəbər mənbələrindən idi.
Tanınmış tədqiqatçı, Həmid Araslı jurnalın hər sayında klassik irsimizin bir numayəndəsini təqdim etməklə yanaşı,bu söz sərrraflarının çap olunmamış şerlərini oxuculara ərməğan edirdi.Beləcə, hər iki taydaki oxucular, Saib Təbrizinin,Qövsi Təbrizinin və başqa şairlərin yeni üzə çıxmış nəzm əsərləri ilə ilk dəfə “Azərbaycan”jurnalında tanış olurdular.
Tək Azərbaycan ədəbiyyatınin deyil,mədəniyyətimn də əsrlər boyu vəhdət halında inkişaf etməsini Göy məscidin, Ərk qalasının, Xan sarayının, Şeyx Səfi məqbərəsinin, Şirvanşahlar sarayının, Qız Qalasının, Mömünə Xatun türbəsinin jurnalda əyani şəkildə verilən şəkilləri və onlar haqda məlumatlar memarlıq ənənələrimizin, ortaq, vahid olduğunu göstərirdi.
“Azərbaycan” jurnalı bədii söz sənətinin hörmət və qiymətini özünə qaytarmaqla bərabər, Güney Azərbaycan ədəbiyyatında, publi¬sis¬ti¬kasında yeni qələm ordusunun yaranmasında da az iş görmürdü.Şimaldan gələn yaradıcı ziyalılara onların Mirmehdi Etimad, Əli Fitrət Balaş Azəroğlu, Çavuşi, Əli Tudə, Mədinə Gülgün, Mirrəhim Vilayi, Məhəmmədlu Əbbasi, Hilal Nasiri, Məhəmməd Biriya və bu kimi yerli həmkarları da qoşulmuşdu.O illərdə qoyulan bünövrəni sonrakı illərdə cənublu ziyalılar layiqincə davamlı inkişaf etdirirdilər.

Jurnalla tanış olan oxucular hər iki taylı Azərbaycanın həyatı ilə yaxından tanış olmaq imkanı qazanırdı.İctimai-siyasi proseslər, ölkədə yaranan demokratik əhval-ruhiyyə, xalqın milli azadlıq hərəkatının əhalinin bütün təbəqələrini əhatə etməsi və yüksələn xətt üzrə inkişaf edərək Milli Hökumətin qurulması ilə nəticələnməsi həm şimal, həm də cənublu müəlliflərin bəhrələndiyi əsas mənbələrdən idi
“Azərbaycan” jurnalında çap olunmuş bədii əsərlərə diqqət yetirdikdə təkcə cənub şairlərinin deyil, şimaldan olan müəlliflərin də yaradıcılığında maraqlı bir mərhələnin yarandığının şahidi oluruq. Belə ki, bir tərəfdən 1937-ci ilin repressiya tufanından, digər tərəfdən isə partiya, Lenin, Oktyabr inqilabına mədhiyyə xarakterli əsərlər yazmaqdan yorulmuş şair və yazıçılar yeni bir mühitə düşmüşdülər.Həmin dövrdə sovet siyasəti Azərbaycan xalqının milli maraqlarına son dərəcə uyğun gəlirdi.Azərbaycanın siyasi baxımdan olmasa da,mədəni cəhətdən birləçməsinə,birgə ədəbi, elmi fəaliyyəti üçün bir növ fürsət düşmüşdü,imkan yaranmışdı.”Azərbaycan” jurnalı da bu imkandan yararlanırdı. Cənubi Azərbaycandakı siyasi proseslər, gündən-günə genişlənən demok¬ra¬tik əhval-ruhiyyə onlar üçün də ürəkdən olan bir mövzu idi. Odur ki, “Azərbaycan” jurnalında çap olunan əsərlərin müəyyən bir hissəsi məzmun cəhətdən cənublu qələm sahibləri ilə yanaşı Sovet Azərbaycanından getmiş şair və yazıçıların yaradıcılığında da bir yenilik idi.

Onu da qeyd etmək lazımdır ki, Təbrizdə fəaliyyət göstərən işçi qrupu ilə Sovet Hərbi diplomatik nümayəndələri arasında münasibətlər ziddiyyətli idi. O dövrdə baş verən hadisələri araşdırmaya cəlb edən prof. C.Həsənlinin yazdığına görə Güney Azərbaycandakı proseslərin getdikcə milli müstəviyə keçməsi sovetləri o qədər də təmin etmirdi... Məsələ ilə bağlı SSRİ Xarici İşlər Komissarlığına müraciət edilsə də, M.C.Bağırov vaxtında bunun qarşısını ala bilmiş,məsələnini müsbət həllinə nail olmuşdu..
Jurnal Güney Azərbaycanda ana dilində ədəbiyyatın inkişafı üçün geniş imkanlar yaradırdı.

Uzun illər (xüsusilə 1920-ci illərdən sonra) hər iki tayda- sovetlər birliyində bolşevik, İranda şah rejimi tərəfindən «ikiyə bölünmüş Azərbaycan məsələsi» mövzusu yasaq olunmuşdu. «Azərbaycan» jurnalında dərc olunan materiallarda ikiyə parçalanmış xalqın mənəviyyatı, mədəniyyəti, tarixi, ədəbiyyatı küll halında verilirdi. O illərdə «Vətən yolunda»və “Azərbaycan” kimi mətbu orqanlarının səhifələrində ikiyə bölünmüş xalqın faciəsini, dərdini, hiss və duyğularını əks etdirən «parçalanmış vətən həsrəti», « ayrılıq» və vahid Azərbaycan mövzusu yaranırdı.
Söz yox ki,1941-1946-cı illərdə Güney Azərbaycanda milli ruhun oyanması, milli özünüdərkin bədii inikası «Vətən yolunda» qəzeti və «Azərbaycan» jurnalı ilə bağlı olmuşdur.
1941-ci ildən etibarən hər iki taylı Azərbaycanlılar arasında bu günümüzə qədər gəlib davam edən bir ədəbi hərəkatın əsası qoyulurdu...

Qəiyyətlə söyləyə bilərik ki, bölünmüş xalqın ayrılıq həsrətini: «ayrılıq, həsrət» motivlərinin ədəbiyyata gətirilməsinin bünövrəsi ilk dəfə «Vətən yolunda» qəzetinin və “Azərbaycan” jurnalının səhifəlrində qoyulmuşdur.

Bu ədəbi proses Süleyman Rüstəmin qəzetin səhifələrində çap olunmuş şeirləri ilə başlamış, bunun davamı olaraq Rəsul Rzanın”Hilal”, paralel olaraq güneyli şairlərdən Mirmehdi Etimadın «Yaşamaz»,Əli Fitrətin «Azərbaycan», Hilal Nasirinin «Köşkü-balaban» şeirlərində sonralarsa,Cənubdan Şimala mühacirət edən Balaş Azəroğlu, Həkimə Billuri,Mədinə Gülgun, Əli Tudə, Söhrab Tahirin və Səməd Vurğun,Məhəmmədhüseyn Şəhriyar,Bəxtiyar Vahabzadə Mirzə İbrahimov,İlyas Əfəndiyev,Məmməd Araz,Xəlil Rza,Sabir Rüstəmxahlı və digər neçə-neçə dəyərli söz ustadlarının əsərlərində ikiyə bölünmüş millətin faciəsi əks olunmuşdu.Bu gün bu bu ədəbi proses artıq kiçik nəhrləri özündə birləşdirən təlatümlü b ir dəryaya çevrilib.Bu isə ayrı bir mövzunun bəhsidir.

«Azərbaycan» jurnalını Sovet hakimiyyətinin bütün mövcud olduğu dövrdə ən maraqlı və milli mənafe baxımından ən əhəmiyyətli nəşr orqanı hesab edən Cəmil Həsənli yazırdı ki, əvvəla, bu jurnalın hər sayında Güney və Quzey Azərbaycanın ictimai-siyasi, mədəni, ədəbi həyatı, tarixi birlikdə əhatə olunurdu. İkincisi, jurnal Güney Azərbaycan üçün buraxıldığından Sovet Azərbaycanında hökm sürən bolşevik ideologiyasının tələblərindən bir qədər yayınır, Azərbaycan xalqının köklü mənafeyi, taleyi və tarixi ilə bağlı əsas məsələlərə toxuna bilirdi. Bütöv Vətən, eyni xalq, vahid millət məramı demək olar ki, «Azərbaycan»ın hər sayından duyulurdu. Azərbaycan tarixinin, mədəniyyətinin, ədəbiyyatının, sənətinin əsrlər boyu vəhdət şəklində inkişaf etməsini əyani şəkildə sübuta yetirirdi”

Cənubda Demokrat Hökuməti xain qüvvələrin əli ilə devrildikdən sonrs Rəsul Rza «Azərbaycan» jurnalını saxlamaq üçün bir çox təşəbbüslər bulundu,hətta M.C.Bağırova məktub yazdı.Təssüf ki, bunlar bir nəticə vermədi.Və məktub cavabsız qaldı.
Məktubun əvvəlində jurnalın qısa tarixçəsindən, görülən işlərdən, redaksiya ətrafında yaxşı müəllif kollektivinin toplanmasından söz açan Rəsul Rza təklif irəli sürürdü: «Məlum olduğu kimi Azərbaycanda belə bir profilli jurnal yoxdur, halbuki buna böyük ehtiyac hiss olunur. Redaksiya heyəti belə hesab edir ki, jurnalı bu həcmdə və bu formada saxlamaq, onu yeni Azərbaycan əlifbasıyla nəşr edərək respublikamızda yaymaq məqsədəuyğun olardı.
Redaktor Rəsul Rza».
Rəsul Rzanın elə formatlı və profilli jurnal barədəki arzusu Azərbaycanda yalnız 40-45 ildən sonra həyata keçdi.
Müəyyən bir zaman kəsiyindən sonra Rəsul Rzanın oğlu, hörmətli yazıçımız Anar atasının 40-cı illərdə apardığı missiyanı 60-cı illərdə təşəbbüskarı və redaktoru olduğu “Qobustan” jurnalında bir az fərqli şəkildə olsa da özünün də qeyd etdiyi kimi aparmağa nail oldu;”Quzey və Güney Azərbaycan ədəbiyyatına, sənətinə ayrılmaz vəhdət kimi baxmaq prinsipini və oxucuları dünyanın mədəni sərvətləriylə tanış etmək prinsipini çox-çox illər sonra «Qobustan» toplusunda tətbiq etməyə çalışırıq. Bu bəlkə də mənim uşaqlıq xatirələrimlə bağlıydı. Uşaq yaşlarında «Azərbaycan» jurnalının hər nömrəsini vərəqləyir, şəkillərinə baxırdım, sonralar ərəb əlifbasını öyrənəndən sonra ayrı-ayrı yazıları oxumağa başladım. Bir də ki, jurnalın demək olar ki, hər sayı gözlərim qarşısında hazırlanırdı. Redaksiyanın əmkdaşları evimizə gəlir, atamla nömrələrin məzmunu və forması barədə müzakirələr aparırdılar.
İndi bizim günlərdə, hərdən-birdən, ara-sıra «Qobustan» toplusunun milli şüurumuzun oyanması yolunda xidmətlərindən söz açırlar. Amma bu işi çox illər qabaq aparmış «Azərbaycan» jurnalının fəaliyyəti haqqında tək-tük mütəxəssislərdən savayı demək olar ki, heç kəsin xəbəri yoxdur”.
Qeyd edək ki, “Azərbaycan” jurnalının üzümüzə gələn il 65 yaşı tamam olur. İkiyə parçalanmış vahid xalqın milli özünədərkində və milli birliyində az payı olmayan” tək-tük mütəxəssislərdən savayı demək olar ki, heç kəsin xəbəri olmayan” bu dəyərli mətbu orqanının 1945-46 –cı illərdə çıxan seçmə saylarından özəl bir nəşriyyə hazırlayıb onu ictimaiyyətə və geniş oxucu kutləsinə çatdırmaq faydalı olmazdımı?!
Ümimiyyətlə, biz tariximizi,keçmişimizi kimlərinsə təqdim etliyi kimi yox,olduğu kimi öyrənməliyik.Milli-mədəni dəyərlərimizə sahib çıxmalı,onları qorumalıyıq,Bunun vaxtı artıq çoxdan çatıb. Azərbaycanın Şimalı ilə Cənubi arasındakı ədəbi-mədəni əlaqələrə gəldikdə isə bu gün bunun üçün imkanlar çoxdur .Milli vəzifə isə həmin imkanları populist şüarlarla,iddialı bəyanatlarla məhdudlaşdırmaq yox, reallaşdırmaqdan ibarəıtdir ki, bunu bizdən xalqımızın yalnız keçmişi deyil,gələcəyi də tələb edir.



0 şərh:

Отправить комментарий