26 сент. 2011 г.


XIX əsrin 80-ci illərindən başlayaraq Çar Rusiyası Azərbaycanda hər hansı şəkildə təzahür edən ictimai-inqilabi hərəkatların qarşısını almağa çalışır, yeni yaranan milli mədəniyyətin tərəqqisinə əngəllik törədir, milli əyalətlərlərdə dövrün sosial-ictimai və bu kimi vacib məsələlərinin müzakirəsinə ciddi senzura rejimi ilə məhdudiyyət qoyurdu.
Qeyd olunan dövrdə Azərbaycanda H.B. Zərdabinin çıxardığı ”Əkinçi”dən başlayaraq Ünsüzadə qardaşlarının çıxardıqları sonuncu “Kəşkül” qəzeti bağlandıqdan sonra müəyyən bir zaman kəsiyində doğma dildə mətbuat nəşr olunmadı.Azərbaycan ictimai-mədəni mühitində informasiya boşluğu, vakuumu yarandı. XIX əsrin 90 –cı illərindən M. Şahtaxtlının “Tiflis” (1896),N.Nərimanovun “Təzə xəbərlər” (1899),bir müddət sonra yenə N.Nərimanovun “Məktəb” jurnalını (1901) buraxmaq haqqındakı ərizələri,eləcə də T. Sidqi,S.M.Qənizadə, A.O.Çernyayevskinin Azərbaycan dilində qəzet çıxarmaq cəhdləri müxtəlif bəhanələrlə rədd edildi.

Azərbaycan yazarları da öz əsərlərini Peterburq,Moskva,Tiflis və s. şəhərlərdə buraxılan mətbuatda çap etdirmək məcburiyyətində idi. Ziyalıların bir qismi o dövrdə ölkənin hüdudlarından kənarda təhsil almışdılar.Xaricdə təhsil alan ziyalılar Rusiya və Avropa eləcə də Asiya ölkələrində dərc olunan qəzet və jurnallarda iştirak edirdi. Onlar öz publisistik məqalələrini xüsusilə o dövrdə rusca nəşr olunan”Kavkaz”, ”Novoye obozrenie”, “Moskovskie vedemosti”,”Kaspi” kimi mətbu orqanlarında dərc edirdilər. Onların içərisində Bakıda nəşr olunan “Kaspi” qəzeti xüsisilə seçilirdi.Onun səhifələrində tanınmış Azərbaycan ziyalıları müntəzəm çıxış edirdi.

”Kaspi” ilk dəfə çıxdığı illərdə neft Bakısına aid iqtisadi, kommersiya xəbərlərini yayan qəzet idi.Təsadüfi deyil ki,Azərbaycan mətbuatında ilk dəfə reklam məhz elə bu qəzetin səhifələrində görünmüşdü.Qəzetin redaktorları və əməkdaşları içərisində Rusiyanın və Qafqazın nüfuzlu qəzet və jurnallarının publisitləri az deyildi. Rus,yəhudi,gürcü əsilliA.A.Veyenberq,E.A.Bondarenko,P.T.Qordiyevski,V.V.Kuzmin,N.A.Sokolinski,İ.L.Xoneli,Q.Mayaşvili və bu kimi tanınmış publisistlər Rusiyanın mütərəqqi qəzet ənənələrini Azərbaycana gətirmişdilər.”Kaspi” qəzeti Azərbaycanda XIX əsrin sonralarında Avropanın qəzet standartlarına uyğun nəşr olunan bir mətbu orqanına çevrilmişdi.
Çapının ilk illlərində qəzet olduqça özünə az oxucu toplamişdi.Bu barədə qəzetin 10 illiyi ilə baglı çap olunan məqalədə deyilirdi:”Kütlə yeni mətbuat orqannını şübhə ilə,bir çoxu isə sərt qarşıladı.Bütün ziyalıların içərisində məqalələrini yeni orqanda çap etdirmək qərarina gələn ,özü də çox gizli sürətdə,bir-iki adam güc-bəla ilə tapildı”.
Nəşrinin ilk illərində qarşilaşdiği çətinliklərə baxmayaraq “Kaspi” öz ətrafına milliyətcə və əqidəcə müxtəlif olan publistləri topladi.”Teleqramlar”,”Xarici xəbərlər ”,”Mətbuat xülasəsi”rublıkası altında dərc olunan xəbərlərdə təkçə Rusiyada deyil,dünyada baş verən hadisələri, yenilikləri oxuculara çatdırırdı.
1884-cü ildən başlayaraq,nəşrinin dördüncü ilində qəzet həftədə üç dəfə deyil, gündəlik çıxır.”Kaspi” qəzeti artıq eyni tipli xəbərlərlə kifayətlənmir, öz səhifələrində sosial-ictimai incəsənət,ədəbiyyat və s. bəhs edən məsələlərə geniş yer ayırırdı.Qəzetin tirajı ildən ilə artır, ictimai auditoriyası,yayıldığı coğrafi məkanı da genişlənirdi.”Kaspi”qəzetinin tanınmış araşdırıcısı Səmayə Mövlayevanın yazdığına görə qəzetin Rusiyanın mərkəzi şəhərlərində,habelə Türkiyə,İran,Paris,London və Berlində də oxucuları vardı.Qəzet ümumrusiya müsəlmanlarının mətbu orqanına çevrilmişdi,bu da sözsüz ki, qəzetə 90-cı illərdən başlayaraq redaktorluq etmiş Topçubaşovun nüfuzu və xidmətləri sayəsində olmuşdu. Görkəmli Azərbaycan missenantı və uzaqgörən neft maqnatı H.Z.Tağıyev ana dilində mətbuat çap olunmasının mümkünsüzlüyünü görüb o dövrdə populyar olan“Kaspi” qəzetini satın alır. H.Z.Tağıyev qəzeti azərbaycanlıların milli maraqları istiqamətinə yönəldib Ə.Topçubaçovu qəzetin ixtiyar sahibi etmişdi. Həmin illərdən başlayaraq qəzetin ətrafına yeni milli demokratik ruhlu ziyalılar toplaşır.
Qəzetdə Azərbaycanlıların milli şüurunun formalaşmasına xidmət edən taleyüklü məsələlərdən yazan Ə.Ağaoğlu ,Ə.Topçubaşov,Ə.Hüseyinzadə,M.Şahtaxtlı,H.Zərdabi kimi tanınmış ziyalılar və redaksiyanın əməkdaşı olmasalar da, ayrı-ayrı vaxtlarda qəzetlə əlaqə saxlamiş, qələmlərindən çıxan yazılarla xalqın maarifləndirilməsinə böyük xidmət göstərmiş Üzeyir və Ceyhun Hacıbəyovlar,M.Mahmudbəyov, N.Nərimanov, F.Köçərli, E.Sultanov, Bayraməlibəyov, E. Sultanov , M.Hacınski H.Minasazov,M.Sidqi,S.M.Qənizadə kimi müəlliflər çıxış edirdi.
“Kaspi” qəzeti öz oxucularını iqtisadi-sosial və siyasi məsələlərlə yanaşı klassik irs, xalq yaradıcılığı, ayrı-ayrı yazıçı və şairlərin yaradıcılığı ilə də tanış edir. Qəzetdə “Ədəbi-tənqidi” şöbə aşağıdakı aşağıdakı rubrikalarla yazılar təqdim edir: “Ədəbi qeydlər”, “Bizim jurnallar”, “Jurnal icmalı”, “Tənqid və biblioqrafiya”, “Teatr və musiqi”, “Müsəlmanların həyatından və mətbuatından” və s.
«Kaspi» qəzetinində ictimai-siyasi hadisələrlə yanaşı mədəniyyət və incəsənət sahəsində də baş verən hadisələr də öz əksini tapırdı. Qəzetdə “Teatr və musiqi” rubrikası açılmış və burada Bakının musiqi və teatr həyatı haqqında məlumatlar verilirdi.Məlum olduğu kimi, XIX əsrdən başlayaraq Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələr ölkədə maarifçilik hərəkatının inkişafına təkan verirdi. Bütün sahələrdə köklü dəyişikliklər yaranırdı. Bu dövr daha cox Azərbaycan teatrı üçün əlamətdar də oldu. H.Zərdabi və görkəmli yazıçı N.Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundovun «Lənkəran xanının vəziri» (10 mart), bir ay sonra isə «Hacı Qara» komediyasının tamaşasıyla Azərbaycanda dünyəvi peşəkar teatrın təməlini qoyuldu. Yeni formalaşan teatrların ilk fəaliyyət dövründə repertuarın əsasını M.F.Axundovun komediyaları təşkil edirdi Oxucular məhz bu qəzet vasitəsi ilə Azərbaycanın görkəmli dramaturqları olan M. F. Axundovun, N. Vəzirovun, Ə. Haqverdiyevin, N. Nərimanovun tamaşaya qoyulan pyesləri haqqında geniş məlumat əldə edirlər.
Qəzetdə «Teatr və musiqi» başlığı altında teatr həyatına aid yazılar ardıcıl olaraq çap olunurdu.
O dövrdə bir məqalə müəllifi Bakını oprettalar teatrı adlandırmışdı. Qəzetdə də müsəlman teatrlarından məhz opera və operettalar haqqında yazılara geniş yer verilirdi. Azərbaycan məkanında yeni olan opera və operetta janrları çox tez bir zamanda sevilmiş və populyarlaşmışdı. Bu illərdə teatrda opera, operetta və musiqili komediya janrları aparıcı rol oynayırdı. Ü.Hacıbəylinin, M.Maqomayevin, Z.Hacıbəyovun opera və musiqili komediyaları milli musiqi ənənələri ilə zəngin idi.»Kaspi» qəzetinin 1913-cü il 4 yanvar tarixli nömrəsinin «Teatr və musiqi» rubrikası ilə nəşr olunan bir məqalədə yazılırdı ki,neçə vaxtdan bəri müsəlmanlar arasında inkişaf edən opera sənəti 1912-ci ildə bir qədər də irəliləmişdir. Bəstəkar Ü.Hacıbəyovun iki yeni operası meydana gəlmişdir. «Əsli və Kərəm» və «Şah Abbas və Xurşidbanu»dan ibarət olan bu operalardan sonuncusu musiqi cəhətdən daha çox müvəffəqiyyət qazanır…»
«Kaspi» qəzetindəki başqa bir yazıda isə deyilirdi ki, Türklərdə belə bir məsəl var, al da geysən yaraşar, şal da geysən yaraşar. Bu məsəl bizim müsəlman teatrına nə qədər münasib məsəldir. Teatrımız inkişaf edir və bu nəcib iş üçün nə edilərsə, biz ona minnətdar olmalıyıq. Qoy bu hələ cilalanmamış olsun, qoy bu hələ nöqsanlı görünsün, lakin bizim teatrımız hələ gəncdir, gələcəkdə o, öz yaradıcılarına və zəhmətkeşlərinə təşəkkür edəcəkdir. Biz dramı çox çətinliklə qaldırdıq, heçdən bir şey yaratdıq. Bir o qədər keçmədi ki, opera meydana gəldi və gəldiyi saatda da tamaşaçılar tərəfindən sevinclə qəbul edildi. Opera müəllifi, sonra operetta yaratmağı qarşısına bir məqsəd kimi qoydu. Bu, tamaşaçıları daha çox cəlb etdi. Birinci operetta unudulmaz təsir buraxdı. Xüsusilə müsəlmanların təsəvvürə gətirə bilmədikləri, gün-güzərana yaraşan havalar. Gənc bəstəkar Üzeyir Hacıbəyli gördü ki, onun opera və operettaları tamaşaçıların xoşuna gəldi, buna görə də yeni-yeni əsərlər yazmağa başladı. O, «O olmasın, bu olsun» operettasını yazdı…
Müəllifin elə əsas xidməti burasındadır ki, o, xalq havalarını dirildir. Üzeyir bəy əsərə yeni havalar yazmış, xalq havalarını yeniləşdirmiş və bunları nota salmışdır…
Avara».( “Avara” təxəllüsü qəzetlə əməkdaşlıq edən Hacınskıyə məxsus idi-P.M.)
«Kaspi» nin 1917-ci il 19 may tarixli sayında ölməz bəstəkar Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» operasının yeni quruluşda təqdimindən bəhs olunurdu;”Leyli və Məcnun” operası oynanıldığına görə Nikitin qardaşları teatrının yanındakı yollar hamısı tutulmuşdur .Nuxadan, Tiflisdən gələn kim… – Keçməyə yol yoxdur.
Üçüncü zəng vurulur və pərdə qalxır. Tamaşaçılara Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operası yeni quruluşda təqdim olunur. Keçmişdə onun bütün müsiqisini tar-kamança ifa edirdi. İndi isə on iki nəfərdən ibarət Avropa orkestri ilə çalınır. Tar çalanlar da vardır…”
«Kaspi» qəzetinin 1915-ci il 3 yanvar tarixli nömrəsindəki icmal yazıda göstərilirdi ki,1914-cü il ərzində dram əsərləri sahəsində Bakı müsəlmanları arasında bir qədər canlanma müşahidə edilmişdir. Məsələn, keçən il ərzində yazılmış və oynanmasına icazə verilmiş əsərlər bunlardır: Böyükağa Talıblının tərcümə etdiyi «Xəsis», Ayaz İshaqın «Müəllimə», Kərim bəy Şərifovun «Məmmədəli Şah Qacar, yaxud Səttar xan», M.Əlibəyovun «Məhkəmələr qapısında tökülən qanlı göz yaşlarımız», Məlikovun «Rüstəm və Söhrab», N.Vəzirovun «Nə əkərsən, onu biçərsən», Z.Hacıbəyovun «Evliykən subay» operettası, Mirzə Qədir Vüsaqi İsmayılzadənin «Seyfəlmülk» operası, Kazımovskinin «Vur-ha-vur» operettası və S.Mənsurun tədbil etdiyi «Əhdə vəfa» əsəri…»
Azərbaycanlı müəlliflərlə yanaşı bəzən tərcümə edilmiş operalara da müraciətlər olurdu.Onu da qeyd edək ki, qəzetdə çalışan qeyri millətlərdən olan müəlliflərin məqalələri Azərbaycan teatrı haqqında çox zaman tənqidi xarakter daşıyırdı. Bu da Azərbaycan məkanında teatrın yeni, əsasən də opera və operetta janrlarının hələ ilkin mərhələlərdə olması ilə bağlı idi. Teatr inkişaf edib geniş vüsət aldıqca, təbii ki, fikirlər və mövqelər də dəyişirdi və ana dilində yazan yerli teatrşünas kadrların yetişməsinə böyük ehtiyac yaranırdı.
“Kaspi” qəzetinin səhifələrində daim və ara -sıra çıxış edən müəlliflər pedaqoq, naşir, tərcüməçi kimi müxtəlif peşə sahibləri olsalar da, onlar qəzetin ətrafında xalqın maarifləndirilməsi yolunda birləşmişdilər.Bu müəlliflər qəzeti canlandıran rəngarəng bir çələngi xatırladırdı və onların hə birinin qəzetdəki fəaliyyəti ilə bağlı imkan daxilində bilgi vermək yerinə düşərdi.
Qəzetdə etnoqrafiya eləcə də şifahi xalq xalq ədəbiyyatı ilə bağlı materialları əsasən Teymurbəy Bayraməlibəyov və Mahmudbəy Mahmudbəyov hazırlayırdı. Abbas Səhhət və başqa müəlliflərlə birgə bir çox dərslik kitablarını çapa hazırlayan M. Mahmudbəyov pedaqogika ilə yanaşı jurnalistika fəaliyyəti ilə məşğul olmuşdu.“Rəhbər” jurnalını nəşr etmişdi. Mahmudbəyov “Kaspi” qəzeti ilə sıx əlaqə saxlayır, Azərbaycan xalq dastanlarını təhlil edib rus oxucularına tanıdırdı.
Lənkəran ibtidai məktəbinin müəllimi Teymurbəy Bayraməlibəyov xalqın içindən folklor nümunələrini toplayıb qəzetdə dərc etdirirdi. O əsrin 80-ci illərinin sonlarından başlayaraq 1916-cı ilədək “Kaspi” qəzetininin Lənkəran qəzetinin bölgə müxbiri kimi çıxış etmişdi.
Qəzetdə Azərbaycan mədəniyyəti, teatr və musiqi ilə bağlı yazıların müəllifləri Hüseyn Minasazov və Mehdi bəy Hacınski idi. 1905-1907-ci illərdə Tiflisdə rus dillərində ədəbi “Oqni” jurnalını və”Yejenedelnoe obozrenie” qəzetlərini çıxaran H.Minasazov jurnalistika sahəsində kifayət qədər təcrübə qazanmışdı.O, “Kaspi” qəzetində əsasən Azərbaycan mədəniyyətini təbliğ edir, ədəbiyyat və teatr tarixinə aid məqalələrlə çıxış edirdi.
Mehdi bəy Hacınski Azərbaycan mətbuatı və teatrının fəal xadim Firudin bəy Köçərlinin ədəbiyyat tarixi ilə əlaqədar materiallarının axtarışında və təqdimində fəal iştirak etmişdi.”Kaspi” qəzetində “Avara”, ”Estet” təxəllüsü ilə əsasən teatr və musiqi ilə bağlı yazılar hazırlayırdı.
“Kaspi” qəzetində ədəbiyyatla bağlı yazıları dövrün Haşım bəy Vəzirov, Firudin bəy Köçərli və Soltanməcid Qənizadə kimi tanınmış ziyalıları işıqlandırırdı. Bakıda ilk dəfə “Rus-tatar”(Azərbaycan) məktəbini açmış Soltanməcid Qənizadə dərslik və lüğətlər yazmış,rus müəlliflərinin əsərlərini doğma dilə çevirmişdi.Dövrü mətbuatda eləcə də “Kaspi” qəzetində M.Ə.Sabir,H.Ərəblinski,N.Nərimanov haqqında xatirələr yazırdı. L.N.Tolstoyla məktublaşırdı.
Firudin bəy Köçərlinin “Kaspi”qəzetindəki ədəbiyyatla bağlı oçerkləri oxucuları şərq xalqlarının mədəniyyəti ilə yaxından tanış edirdi.Xüsusilə Azərbaycan “tatarlarının” zəngin ədəbiyyatı,ayrı-ayrı ədəbi simaları haqqında bilgilər maraqla qarşılanırdı.Firudin bəyin bu silsilələ şəklindəki ədəbi oçerkləri sonralar “Azərbaycan tatarlarının ədəbiyyatı”,” Azərbaycan ədəbiyyatı” kimi qalın cildli dəyərli kitabların yaranmasına zəmin hazırladı.
Haşım bəy Vəzirov “Kaspi” ilə yanaşı”Novoye obozreniye” və ”Sbornik materialov dlya opisaniya plemyon i mestnostey Kavkaza”kimi mətbu orqanların əsas və ştatdankənar müəlliflərindən idi.Bakıda ayrı-ayrı vaxtlarda “ Tazə həyat”, “Kavkazets” qəzetlərini təsisçisi və redaktoru olub.”Kaspi” qəzetində çeşidli yazılarla, tərcüməçi və publisist kimi çıxış edirdi.
Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə.Hüseynzadə "Kaspi" qəzeti ilə yaxından əməkdaşlıq edirdi. İxtisasca həkim olan Əli bəy Hüseynzadə “Təbib” təxəllüsü ilə o dövrdə əhalini vahiməyə salmış vəba xəstəliyi ilə bağlı silsilə məqalələr yazırdı.Onun eyni zamanda həmin illərdə ictimai-siyasi səpkili yazıları da qəzetin səhifələrində görünməyə başlayır. “Kaspi”nin oxucularını doğma və yaxın Türkiyənin yeni siyasi ab-havası ilə tanış edir və az zamanda islahatçı-reformist ideya adamı kimi tanınır.
Əli bəy"Gənc türkçülük nədir?" adlı məqaləsi ilə Türk tənzimat hərəkatının mahiyyətini açıqlayır. Xüsusi rəğbətlə ”Qlkənin daxilində elmin, biliyin, istedadın yeganə mənəvi gücünün təmsilçiləri olan gənc türkçülərin siyasi hərəkatını” alqışlayır.( “Kaspi”, 27 mart,1905)
Üzeyir Hacıbəylinin “Kaspi” də ilk imzası 1904-1905-ci illlərdən başlayaraq görünüb.Şuşa və Cəbrayıl yezdlərinin müxbiri kimi fəaliyyət göstərib.Cəbrayıl və Şuşa qəzalarında baş verən sosial və təhsillə bağlı problemləri qələmə alır gənc yaşlarında olmasına baxmayaraq çatışmazlıqların qaldırılması üçün təkliflərini də irəli sürürdü.
Peterburq və Sarbonna universitetlərində təhsil alan Ceyhun Hacıbəyli hələ gənclik illərindən Qərbi Avropanın bir sıra dövri mətbuatında məqalələrini dərc etmişdi. Fransaya mühacirət etdikdən sonra Qafqaz mətbuatının fəaliyyət göstərilməsi sahəsində çalışır. ”Kaspi” qəzetində əsasən “Dağıstanlı” imzası ilə çıxış edirdi.Onun “Kaspi” qəzetindəki “Azərbaycan mətbuat tarixi” silsilə məqaləsindən sonralar Fransada “Rusiya müsəlmanlarının 1920-ci illərə qədərki mətbuatı”adlı kitabında istifadə olunmuşdu.
“Kaspi” qəzetində Azərbaycan mətbuatının banisi H. Zərdabinin də dəyərli yazıları çap edilirdi. H.Zərdabi qəzetinin nəşrinin ilk ilindən başlayaraq onun fəal əməkdaşı hətta bir müddət “Kaspi”nin redaktoru olmuşdu. H. Zərdabinin bu qəzetdəki fəaliyyəti 1896-1907-ci illəri əhatə edir. Həsən bəy qəzetdə bölgələrin və şəhərin təsərrüfatına dair yazılarla çıxış edir, ictimai problemlərə toxunurdu.Onun “Bizim kənd məktəbimiz”,”Bədii sənaye məktəbxanaları,”Amerikada əqli inkişafla əl əməyinə birləşdirən yeni məktəb sistemi ”, “Ay şüalarının yerdə insan orqanizminə təsiri” adli məqalələrində elmin yeni inkişaf mərhələlərindən bəhs olunurdu. Öz yazılarında xalqın maariflənməsi məsələsinə toxunur,sağlamlığın və səhhətin qorunmasının yollarını göstərirdi.Ali ixtisaslı kadrların yetişdirilməsi üçün xüsusi məktəblərin açılmasını, xalqın rifahının yaxşılaşdırılmasını, fəhlələrin və onların uşaqlarının təhsil almasının vacibliyini qeyd edirdi. Eyni zamanda o, yazılarında kənd təsərrüfatının inkişafına diqqət yetirirdi, təbii sərvətlərin dağıdılmamasını, meşələrin qorunmasını əhəmiyyətli hesab edirdi.

M.A.Şahtaxtlı “Kaspi “ qəzetinin ilk azərbaycanlı redaktoru olub.1891-ci ilin iyun ayından başlayaraq “Kaspi”nin redaktoru N.A.Sokolinskini üç ay müddətinə əvəz etmişdir.Qafqaz senzura komitəsi ilə Bakı qubernatoru arasında gedən yazışmalardan aydınlaşır ki,bunun üşün Şahtaxtlıya rəsmi icazə verilmiş,onun İran şahına barışmaz müraciəti nəzərə alınaraq,qəzetin bu dövrdə çıxan nömrələri senzura tərəfindən ciddi nəzarət altında saxlanmışdır.M.A.Şaxtaxtlının “Kaspi”də cəmi 8 məqaləsi çıxmışdır Bu yazılar ictimai-siyasi mövzuda olub. Rusiya-İran,İngiltətə,Hindistan,Türkiyə ilə bağlı idi.”Moskovskie novosti”, “Novoye vremya” kimi kimi qəzetlərin müxbiri kimi çalışan publisist İran və Türkiyə ilə yaxından ilgilənmişdi.Məqalələrindədə Rusiyanın Şərq ölkələrinə ,o cümlədənTürkiyəyə,İrana,Hindistana olan siyasətini açıqlamış,ruslarla bu ölkələrin arasındakı qarşılıqlı əlaqələri gündəmə gətirmişdi. Müəllif bu yazılarında eyni zamanda qadın hüquqsuzluğu, mühafəzəkarlığa,elmsizliyə qarşı olub,Azərbaycan dilinin müstəqilliyi,özəlliyi, uğrunda mübarizə aparmışdır.
M.Şahtaxtlı M.F.Axundov, H.Zərdabi və S.Ə.Şirvanidən başlayan maarifçilik hərəkatının davamçısı olaraq milli düşüncə,yeni məktəb,yeni əlifba və mətbuatın yaradılmasında böyük səylə çalışırdı. M.Şahtaxtlı bütün bunları Zaqafqaziya müsəlmanlarının necə adlandırılmasından başlayırdı və milli düşüncəyə yeni ruh gətirirdi.Bu bəhslə bağlı o “Kaspi” qəzetinin 1891-ci il 93-cü sayındakı”Zaqafqaziya müsəlmanlarını necə adlandırmaq olar?” məqaləsində yazırdı;”Son vaxtlar Zaqafqaziya müsəlmanları na onların dinlərinə görə yox, xalqlarına görə ad verməyə çalışaraq,Zaqafqaziya islam əhlini Qafqazda tatar adlandırmağa başlamışlar.Amma bu yeniliyi hec cür uğurlu hesab etmək olmaz.Ona görə də Zaqafqaziya müsəlmanlarını azərbaycanlı,Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəuyğun olardı.”

Əli Mərdan bəy Topçubaşovun “Kaspi” qəzetindəki ədəbi-tənqidi məqalələrində tarixi informasiya zənginliyi, fəlsəfi-düşüncə və müşahidə tərzi,maarifçilik ideyaları, Avropa elmi və mədəniyyətinə rəğbət,klassik Şərq və Avropa ədəbiyyatı şedevrlərindən bəhrələnmə,müxtəlif dini və elmi-nəzəri cərəyanların tarixi təcrübəsinə istinad etmək,müasirlik axtarışları və s. bu kimi keyfiyyətlər özünü bariz göstərirdi.
Ə. Topçubaşov “Kaspi” qəzetində redaktor kimi on ilə yaxın çalışıb. Şərq-Qərb mədəniyyəti ilə tanışlığı, doğma ədəbiyyat ənənələrinə bağlılığı onun görkəmli bir publisist kimi formalaşmasına ciddi təsir göstərib. Qəzet redaktoru kimi böyük səlahiyyətlərə malik olması onun redaksiya işində ciddi dəyişikliklər etməsinə şərait yaradırdı.
Əli Mərdan bəy Topçubaşov “Kaspi” qəzetinin səhifələrində ”Azalıq hərəkatında müsəlmanlar” (“Kaspi”,1905, № 216),” Müsəlmanların dirçəliş dövrü” (“Kaspi”,1905, № 221), “Millətlərin barışdırılması”,( “Kaspi”,1905, № 222) başlıqlı məqalələrində uzun zaman Qafqazda müsəlmanların reformaların başlanması intizarında olduqlarından və bununla bağlı həllini gözləyən problemlərdən söhbət açırdı. Ə.Topçubaşov 1900-cü ildə “Kaspi”qəzetinin səhifələrində “Tatar-azərbaycan dilində qəzet çıxarmağın vacibliyi barədə“ adlı məqaləsi bir növ Ə.Ağaoğlunun bir il öncə”Şərq jurnalistikasının icmalı” silsilə məqalələrinin M.Şahtaxtlınin isə 11 il öncə “Əyalət mətbuatı” yazısının davamı idi.Daha bir neçə il keçdikdən sonra gənc Ceyhun Hacıbəyli də bu mövzunu davam etdirmiş,”Azərbaycan mətbuatı tarixi” məqaləsini yazmışdı.
1897-ci ildə Azərbaycanın tanınmış mütəfəkkiri Əhməd bəy Ağayev H. Z. Tağıyevin dəvəti ilə Bakıya gəldikdən sonra realnı məktəbdə pedaqoji fəaliyyətini davam etdirir və “Kaspi” qəzetində əməkdaşlığa başlayır. Əhməd Ağaoğlu Əlimərdan bəy Topçubaçovun redaktorluğu dövründə qəzetin ədəbi şöbəsinin müdiri olur. “Kaspi” qəzetində elmi-ictimai və publisistik məqalələri,ictimai-siyasi icmaları ilə yanaşı ədəbi-tənqidi yazılarını da oxucu kütləsinə çatdırır.O,dövrünün ictimai-mədəni məsələlərinə fəal münasibət bildirir,tənqidi məqalələrində ədəbiyyat,sənət və mədəniyyət məsələləri ilə yanaşı,həm də ictimai-siyasi məsələlərin təhlilinə üstünlük verirdi.
Əhməd bəy ilk zamanlar daha çox islam dini ilə bağlı məqalələr yazır. Özünün məşhur “Maariflənmə ehtiyacları” məqaləsində o, İslamın tarixinə, İslamın elmə, maariflənməyə və inkişafa münasibətini açıqlayır, ciddi təhlillər aparır (“Kaspi”,1893, № 225).
Qəzetin səhifələrində dərc etdirdiyi “Müsəlman xalqlarının vəziyyəti” adlandırılan ümumi başlığlı silsilə məqalələrində Ə.Ağayev müasəlman xalqlarının düşdüyü acınacaqlı vəziyyəti analiz edir, bunun səbəblərini göstərir. O,islamdakı təhrifləri cəmiyyətin əsaslarını sarsıdan”keyfiyyət kimi şərh edir və göstərir ki,islamda tənəzzül olmasaydı, cəmiyyət daha düzgün yolla inkişaf edərdi.(“Kaspi”,21 aprel 1890)
“Müsəlman xalqlarının vəziyyəti” ilə dərc olunan bu yazılarda islam və islam tarixi geniş şərh edilir.
Əhməd bəy bu məqalələrində islamın hələ iki-üç əsr əvvəl tənəzzülə başladığından narahat olur,bu tənəzzülün səbəblərini ətraflı araşdırmağa çalışırdı.İslamın dirçəlişində türk millətlərinin mühüm rolundan bəhs edirdi.Ədib islam dəyərlərinə həsr olunmuş məqalələrində geniş oxucu kütlləsinə,rus imperiyasının oxucularına daha çox müraciət edir,onlara müsəlman xalqlarını tanıtmaq istəyirdi.
Əhməd Ağaoğlu ümumiyyətlə müsəlman dünyasına,islam tarixinə,müsəlman dünyasına aid rus və xarici mətbuatda yol verilən səhvləri həssaslıqla qarşılayırdı.Məsələlərə aydınlıq gətirməyi, lazım olan hallarda hətta kəskin cavab verməyi özünə borc bilirdi.Ədibin görüşlərinə görə Rusiyada və Qərbdə XIX əsrin ikinci yarısına qədər islam dini,Məhəmmədin nəzəriyyəsi təhrif olunurdu,ən qabaqcıl qərb mütəfəkkirləri qəsdən,yaxud məcburən islama qara yaxırdılar.Volterin və Şekspirin Məhəmməd haqqında fikirlərini Ə.Ağaoğlu “İslamda qadın və islama görə qadın”adlı əsərində müfəssəl araşdırırdı.Publisistin fikrincə,islam və müsəlman dünyasına qarşı Qərbdə formalaşmış mövhumat Qərb və Şərq arasında əsrlər boyu davam etmiş xristian və islam dinlərinin mübarizəsinin nəticəsidir. Bu mənada ədin fikrincə,orta əsr ədəbiyyatı,səlib müharibəsi dövrü islama və Məhəmmədə qarşı xüsusi amansızlıqla fərqlənmişdi. İslam dünyasının alim və mütəfəkkirlərindən söhbət açıb ədib müsəlman xalqlarına böhtan atan əcnəbi müəlliflərə tutarlı cavablar da verirdi. (“Kaspi”,14 mart,1903)
Böyük müqtəfəkkir onu da qeyd edirdi ki,XIX əsrin ortalarından başlayaraq Qərbin elmi dairələrində İslam dininə münasibət dəyişməyə başlayır.İslamın mahiyyətini dərindən araşdıran alimlər meydana gəlir.Təkcə islam deyil,bütün şərq dünyasını araşdıran elmi istiqamət – oriyentalistika öz təşəkkülünü tapır.Elmi dairələrdə islam dini ilə bağlı fərqli mülahizələr yer alır.Elm sahəsindəki bu yeniliklər ədibə gələcəklə bağlı ümidverici fikirlər söyləməyə əsas verir.
Ə.Ağaoğlu müsəlman dünyasının da islaha ehtiyacı olduğunu dəfələrlə məqalələrində qeyd edirdi.Bu görüşlər daha çox panislamizm cərəyanı ilə bağlı idi.O,islama qarşı müstəmləkəçi dövlətlərin düşünülmüş siyasətinə qarşı mübarizəni də vacib hesab edirdi.Müstəmləkəçi dövlətlərin Şərq dünyasının inkişafında qoyduğu əngəlləri göstərməklə yanaşı ədib öz xalqının,millətinin geriliyini tənqid etməkdən çəkinmirdi
Ə.Ağaoğlu Rusiya müsəlmanlarına, ucqarlarda yaşayan əhaliyə,habelə Qafqaz xalqlarına münasibətdə düzgün mövqe tutmayan çarizm nümayəndələrini tənqid edirdi.Bu xüsusda”Kaspi” qəzetində 1903-cü il,241-ci il sayında “Raskolnikovlar və Kərəmlər” adlı məqaləsində,onların imperialist maraqlarını və şovinist niyyətlərini əsaslı şəkildə ifşa edirdi.Bu zaman tənqidçi daha çox rus ədəbiyyatı klassiklərindən istifadə edir,onların ümumbəşəri duyğularından bəhrələnir və həm də milli münasibətdə tarixi ziddiyyətlərlə deyil,müasir həqiqətlərə istinad etməyi tələb edirdi
Mütəfəkkir “Kaspi” qəzetində də nəşr olunan tənqidi məqalələrində qədim mifoloji motivlərə,Şərqin mifoloji divan ədəbiyyatı nümunələrinə,Yunan mifoloji motivlərinə və yazılı ədəbiyyatına, ümumtürk abidələrinə,Zərdüşt və “Avesta” haqqında fikirlərə,Avropa xalqlarının bədii sənət nümunələrinə,nəhayət dini kitablara(xüsusən də”Quran”a) və oradakı çoxsaylı sujetlərə mühüm yer ayırırdı.
Dünya təcrübəsinə ardıcıl və sistemli istinad etdiyinə görədir ki, Ə.Ağaoğlu M.F.Axundovdan sonra Azərbaycanda formalaşdıqda olan yeni ədəbiyyata tənqidi mövqeden yanaşır,bu ədəbiyyatı yaradanlarından Avropadakı novatorluq meyllərindən istifadəsini tələb edirdi.”Kaspi”qəzetinin 1903-cü ilinin 213-cü sayında yayınlanan “Bizim pedaqoqlar” adlı yazısında məhz həmin mövqedən iştirak etdiyinə görədir ki,Ə.Ağaoğlu XIX əsrin sonlarında yaradıcılığa başlayan
Məlikov,Nərimanov,Qəniyev, Mahmudbəyov Azərbaycan kimi yazıçılarına,xüsusilə müəllimlik fəaliyyətindən bədii axtarışlara keçən ziyalılara məsləhət görürdü ki, avropalılar kimi davransınlar,həmişə aktiv olub,pessimizmə,fəaliyyətsizliyə qapılmasınlar.O,inanırdı ki, yalnız belə olduqda,millətinin tariz və yaddaş həqiqətlərini mükəmməl təsvir etmək,müasir həyat gerçəkliyini təhlil etmək mümkündür.
Ə.Ağaoğlu mövcud ictimai-siyasi həyatın ziddiyyətini ortaya qoyurdu.Bunu onun “Kaspi” qəzetinin müxtəlif saylarında dərc olunan “Qorki və müsəlmanlıq”, Müsəlmanlara ümuminsani ideallar yaddırmı?”,”Panmonqolizm,yaxud yeni Asiya qorxusu”,”Dahilər gedir”,”Raskolnikovlar və Kərəmlər” kimi çoxsaylı məqalələrində aydın görmək mümkündür
Əhməd bəy Ağayev”Şərq jurnalistikasının tarixi”(“Kaspi”qəz.,1899, 255, 262-ci sayları) məqaləsində bir şərqli kimi şərq dünyasının dərin yuxuya getməsindən, şərqlilərin qəzetin,jurnalistikanın əhəmiyyətini tam dərk edə bilməməsindən ürək ağrısı ilə yazır.O,müsəlmanların çox ləng tərpənməsini,dəqiqlik və surətli yanaşma tələb edən jurnalistikaya xüsusi diqqət ayrılmamasını tənqid edir.Şərqdə çap işini əngəllləyən məqamlar sırasında qanunun işləməməsini,çoxluğun idarəçilikdən kənarlaşdırılmasını göstərir.Jurnalistika bacardıqca həqiqətləri yazdığı üçün despot hakimlər onun inkişafına imkan vermirlər.Müəllif belə durumda ya çap işinin umumiyyətlə inkişaf etməyəcəyini,yaxud da başqa lazım olmayan formada inkişaf edəcəyini deyir.Ə. Ağaoğlu məsələnin yalnız bununla bitmədiyini nəzərə çatdırır.O,Şərqin əlifba problemi ilə də qarşı-qarşıya dayandığını söyləyir.O bu cür əlifba ilə gündəlik çap məhsulları hazırlamağın mümkün olmadığını diqqətə çatdırır.
Qərbin bu problemi həll etdiyini göstərən Ə.Ağaoğlu Şərqdə aparılan çalışmaların(M.F.Axundov,Cəmaləddin Mirzə və s.kimi) nəticəsiz qaldığını vurğulayır.Jurnalistikanın əhəmiyyətini vurğulayan Əhməd bəy Şeyx Cəmaləddin Əfqaninin qəzet nəşr etməsini təqdirlə qarşılayır.Onun bu fəaliyyətinin müsəlman aləmində jurnalistikanı inkişaf etdirəcəyinə inanan Əhməd bəy o dövrün despot hakimlərini mürşüdünün bu əməlinin davam etməsinin qarşısını almamağa çağırır.Şeyx Cəmaləddin Əfqaninin müsəlman dünyasının inkişafdan qalmasını cəsarətlə tənqid etdiyini nəzərə çatdıran müəllif özünün də bu qənaətdə olduğunu açıqlayır.Digər müəlliflərin onların nəşr etdikləri mətbu orqanlarının təhlilini aparan Əhməd bəy müsəlmanlar üçün çox vacib olan bir sahənin inkişafdan qaldığı qənaətinə gəlir.Ümumilikdə götürdükdə Şərqin,o cümlədən Azərbaycanın jurnalistika sahəsində Qərb ölkələrindən,hətta qonşu gürcü və ermənilərdən belə geri qaldığını görən Əhməd Ağaoğlu bu sahənin inkişafı üçün əlindən gələni əsirgəmir.
Ədəbi-tənqidi məqalələrində Ə.Ağaoğlu Şərq didaktizmi ilə Qərbin rasionalizminini birləşdirərkən klassik dəyərlərdən imtina yolunu tutmur,əksinə , bu əsasda modernist dünyagörüşünün formalaşmasına , ”zəka səltənəti”nin müasir Azərbaycan tipinin yaradılmasına üstünlük verirdi.O,XVIII əsr Fransız maarifçi-materialist filosofları və yazıçıların irsinə həmin məqsədlə müraciət edir ,Azərbaycan ictimai-mədəni gerçəkliyində onların ədəbi-mədəni xidmətlərinin oyrənilməsini vacib bilirdi(“Kaspi”,1904, №245).
Klassik Avropa ədəbiyyatinda əxlaq-mədəniyyət təəssubkeşliyinə və dünyəvi düşüncə tərzinə üstünlük verən Ə.Ağaoğlu həmin meylin Azərbaycanda yayilmasina meydan açarkən İtaliya,Fransa,Almaniya,İngiltərənin tarixi təcrubəsinə istinad edir,xristian dunyasinda və uzaq Yaponiyada və Çində baş verən hadisələri təhlil mərkəzinə çəkirdi.Xüsusilə “Sari təhlukə” adi ilə Avropa və rus mətbuatını narahat edən məsələyə münasibətdə dünyəvi düşüncə və ümümbəşəri ideyalar mövqeyində dayanir,illuziyali və şovinist fikir yürüdən,beləliklə də Şərqlə Qərbin ayrılıgına,bir-birindən təcridinə çalışanları əsaslı şəkildə tənqid edirdi(“Kaspi”,1904, № 89)
Qətiyyətlə demək mümkündür ki,”Kaspi” qəzeti”nəşr olunduğu illər boyu azərbaycanlılarda milli özünədərk prosesinin oyanmasına,maarifçilik ideyalarının yayılmasına böyük xidmət göstərmiş Azərbaycanın siyasi-iqtisadi və mənəvi həyatında silinməz izlər buraxmışdır.



Qaynaqlar
1.”Kaspi” qəzetinin müxtəlif illərdəki sayları
2.S.Movlayeva.”Rus və Azərbaycan mədəniyyətinin”Kaspi”qəzetinin səhifələrində təbliği” (1981-1917-ci illər) (rusca)




0 şərh:

Отправить комментарий