28 сент. 2011 г.

Bildiyimiz kimi İranda Azərbayjan şairləri zəruri ehtiyac üzündən uzun müddət farsca yazmaq məcburiyyətində qalmışlar. Bu dildə yazıb sənət zirvəsinə çatanlar da olmuşdur. Lakin sonralar öz kökünə qayıdıb milli sərvətlərinə dəyər verən ziyalılar da az olmamışdır. Onlardan biri də Azərbaycanın ölməz şairi Məhəmməd Hüseyn Şəhriyar idi.
Şah istibdadı dövründə Azərbayjan türkcəsinin olum-ölümlə çarpışıb və bu dilin ciddi ədəbi ifadə vasitəsi ola bilə
cəyi şübhə altında olduğu bir vaxt gözlənilmədən yazılmış və hamı tərəfindən sənət incisi kimi qiymətləndirilmiş bir poeziya nümunəsi meydana çıxır. Ənənəvi fars şerinin ustadı sayılan Şəhriyar öz ədəbi istiqamətini dəyişərək şirin türk dilində «Heydərbabaya salam» kimi çox qiymətli bir əsər yazır. Dilin milli saflığı saxlanmaqla şifahi xalq şeri üslubunda yazılmış bu əsər ilk gündən böyük marağa səbəb olub, türk dilinin assimlyasiyaya qarşı müqavimətini güclü surətdə nümayiş etdirirdi.
Şəhriyara qədər milli şer ənənəmiz Güneydə yazılı ədəbiyyatın aparıjı istiqamətinə çevrilə bilmirdi. Şəhriyarın «Heydər babaya salam» və doğma dilində yazdığı başqa şerləri milli ədəbiyyatın, milli düşünjənin intibahına səbəb oldu. Şəhriyarın ana dilində yazdığı əsərlər həm də milli dildə mətbuatın yaranmasına təkan verdi. «Heydərbabaya salam» yaradıjı gənjlərdə yurda olan məhəbbəti bu əsərin köməyilə onlarda türk dilində yazmaq meylini güjləndirdi. Bu əsərdən sonra şairlər tərəfindən Savalan, Bəzquş, Mişov, Qazan köşk, Pir kuzən, Qaflantı və bir çox başqa dağların adı da poetik formalarda səsləndi. Heydər baba isə dağlar babası oldu.
«Heydərbabaya salam» əsərində biz xalq yaradıjılığı nümunələrinə çox rast gəlirik. Bununla bağlı konkret bir faktı gətirmək olar. əsrin əvvəllərində bir el aşığı tərəfindən yazılmış bir şerin xüsusiyyətləri bizə «Heydərbabaya salam» əsərini xatırlatdı.
Əsər Güney Azərbayjanın Savə vilayətində yaşayan şair Əsəd Nizam tərəfindən yazılmışdır. Bu barədə biz rəhmətlik Əli bəy Kəmalinin 80-ji illərdə Tehranda çap edilən «Varlıq» dərgisindəki silsilə yazılarından birində rast gəldik. «Aparma sel amandı» adlı bu şe»r Şəhriyarın ölməz əsəri «Heydər babaya salam» poeması ilə çox uzlaşır. Hər iki şe»rdə oxşar jəhətlər çoxdur. Fərqlər yalnız şerlərin yazılma tarixi və məzmunlarındadı.
Əsəd Nizam bu şerini 1900-
cu ildə yazmışdır.Əsərin elə adından görünür ki,o bədbin, tragik ruhda yazılmışdır. Onu da qeyd edək ki, qəfil gələn sel onun javan qohumlarını götürüb aparır. Bundan tə»sirlənən şair bir fajiə poeması yazır. Çox maraqlıdır ki, ustad Şəhriyar da məşhur «Heydər babaya salam» şe»rini bu səpgidə yazmışdır. «Heydərbabaya salam» əsərində ana yurdda keçən günlərin nastolci həsrəti duyulursa, adı çəkilən əsərdə yaylaqda qəfil seldən bir göz qırpımında viran qalan yurdun müsibətlərindən danışılır.
Əsəd Nizam özü xan nəslindən olsa da, həmişə haqq, ədalət tərəfdarı olub, xalqa zülm edənlərə qarşı çıxıb, elə buna görə də xalq onu özünə başçı-elxanı seçib. Sonralar onun bu «vəzifəsi» rəsmi olaraq dövlət tərəfindən də tanınır.

Bədbəxtlikdən sonralar Əsəd Nizamın özünün yaşadığı, 12 min evi əhatə edən yurda bərk sel gəlir. Körpə oğlunu xilas etmək istəyən el şairinin özünü də sel aparır. «Sel apardı» adlı poeması bu günə qədər Savə vilayətinin Xərəqan bölgəsində, özəlliklə Əsəd Nizamın mənsub olduğu Gələvənd tayfasında dillər əzbəri və ürək dərdlərini göstərən ələmə çevrilmişdir. Əsəd Nizam bu poemada bütün duyğularını daha təbii və real vermək üçün xalq arasında işlədilən ifadələrdən, deyimlərdən, ağıtlardan istifadə etmişdir.

Qara bulut göy üzünü tutubdur,
Heç bilmənəm bəxtim nədən yatıbdır
Çərxi-fələk qollarımı çatıbdır,
Aralan bulut, aralan bulut,
Başımız üstündə qaralan bulut.

Çadırı qurmuşdum dəri-dərində,
Mən bir çırağıydım o Gələvəndə
Qırx bədov atlarım qaldı çəməndə,
Aparma sel, aparma sel amandı
Əkbər xan, Əsgər xan mənlən yamandı.

Eli tərəfindən elxanı seçilən Əsəd Nizam elin davarının belə yad ölkədə sağılmasına e»tinasız qalmır:


Xərab olsun Veysabadın dərəsi,
Dörd yanından sel gəlir olmur çarəsi
Əsəd Nizam idim ellər iyyəsi,
Bundan sora dudmanım dağılır,
El qoyunu yad ölkədə sağılır.

Yəqin ki, Əsəd Nizamın bu şe»ri Şəhriyarın yaradıjılığını daha dərindən öyrənmək və onu yaxşı mənimsəmək üçün gərəkli olajaqdır.
Örnək gətirdiyimiz bu şe»rin timsalında şifahi xalq ədəbiyyatının, el aşıqlarının və şairlərinin Şəhriyar sənətindəki izlərinin daha bir nümunəsinə rast gəldik. Ə.Nizamın sözü gedən şerini diqqətinizə təqdim edirik.

PƏRVANƏ MƏMMƏDLİ,
Filologiya elmləri namizədi







Əsəd Nizam

APARMA SEL AMANDI

Qara bulut göy üzünü tutubdur,
Heç bilmənəm bəxtim nədən yatıbdır
Çərxi-fələk qollarımı çatıbdır,
Aralan bulut, aralan bulut,
Başımız üstündə qaralan bulut.

Çadırı qurmuşdum dəri-dərində,
Mən bir çırağıydım o Gələvəndə
Qırx bədov atlarım qaldı çəməndə,
Aparma sel, aparma sel amandı
Əkbər xan, Əsgər xan mənlən yamandı.

Sel oyandı çadırıma dayandı,
Hər buxlayan yuxusundan oyandı
Gəlin xanım dedi:-Vay evim yandı,
Yaxamdan əl götür qaralı bulut
Burdan rədd olgunan bəlalı bulut.

Tulu gəldi dağla daşdan endirdi,
Daşlar dəydi qol-qıçımı sındırdı
İndi bildim fələk güjün bildirdi,
Bu sel mənim dudmanım dağıtdı,
Fələk vurdu xanimanım dağıtdı.

Xaraba qalsın Otaqlının çölləri,
Yağış yağdı joşqun etdi selləri
Suda üzər Nurullaxan elləri,
Xırda uşaq dağla daşa çalındı
Xədijə xanım yana-yana qal indi.

On iki min qara çadır dirəyim,
On iki min evli yeyər çörəyim
Ürəyimdə qaldı mənim diləyim,
Bundan belə düşmən elə əl tapar
Namərd qənim ölkəmizdə at çapar.

Elxanıydım, elxanilər içində,
Gümüş buxov atlarımın qıçında
Elxanını sel apardı biçində,
Hey baxaram selin ardı tükənməz,
Hey baxaram elin ardı tükənməz

Kim görmüşdü yay günündə boranı,
Bir gündə eylədi dörd nahaq qanı,
Sel apardı Mustafaquluxanı
Yurd dağıldı, obalarım köçüldü
Malım , janım getdi əmək heç oldu.


Kim görmüşdü yay günündə qar ola,
Adinə axşamı natuvar ola
Düşmənlərə bəxtlə iqbal, yar ola
Dostlarımız yas donunu geyələr
Əsəd Nizam getdi ah-vay deyələr.

Qara bulut qalxıb gəldi havaya,
Düşmən degil durax gedax davaya
Qələm-davat gətir yazaq Savaya,
Savanın xanları bizlən yamandır,
Qovlu qərar ilqarları yalandır.

Əsəd Nizam bu dərədən yollandı,
Qızıl saat biləyindən sallandı
Nəşi getdi Varamada çallandı,
Amandır sel dirəklərimi əymə
Özümü apardın, balalarıma dəymə.

Qazaq xəbər etdi xan, dur sel gəldi,
Ta yerimdən durdum sel evimə doldu
Ajiz Nurullamı əlimdən aldı,
Gözlərimin birdən nuru çəkildi
Əlif qəddim dal boyu tək büküldü.

Əl ayağım yerdən üzdü ağladım,
Ta janım var idi özümü saxladım
Başım yarıldı, dağ-daşa uğradım,
Uğurumuz bizim heç xeyrə olmadı
Bu yaylaqda bizə heç seyr olmadı.

Vurdu daşdan daşa sındı qollarım,
Əzama otursun ağır ellərim
Hənalı barmaqlar, bur səbillərim
Xörəyiynən nana döndü qardaşlar.
Bizə zülmlə sitəm oldu qardaşlar.

Xarab olsun Veysabadın dərəsi,
Dörd yanından sel gəlir olmur çarəsi
Əsəd Nizam idim ellər yiyəsi,
Bundan sora dudmanım dağılır,
El qoyunu yad ölkədə sağılır.

Kim görmüşdü bir belə tufan ola,
Fələk birisinnən belə yan ola
Məndən sonra Əbülfətxan xan ola,
Heç bilinməz başa nələr gələjək,
Dünya kimdən sonra kimə qalajaq.

Yaxdan dolu əşrəfiydi, qızıldı,
Sel apardı əlim əldən üzüldü
Başım dəydi daşdan-daşa əzildi,
Deynən bu il divan, xəraj olmasın,
Gələvəndi sıxıb dara salmasın.

Jüt yaxdanım Xoşköridə tutuldu,
Ev içində, el içində satıldı
Mustafanın barmaqları çatıldı,
Bu il yaylaq bizlərə qışlaq oldu
Açıq çöl el dustaq oldu.

Gedin deyin əziz qızım Turana
Qəlyanı doldura verə Jeyrana
Jüt-jüt ərəb atı qaldı virana,
Məndən sora atlarımı minən yox,
Bir qoç igid sərdarımı geyən yox.

Sel oynadı Otlaqlıdan gətirdi,
Varamada Gerçəkliyə yetirdi
Mənsur Ləşkər jənazəmi götürdü
Ana bajım qaşım qana bulandı,
Qırmızı birçəyim lata boyandı.

Belə deyir Quli şe»ri düzəldən,
Sərnevişti yazılmışdı əzəldən
Böyük xan jənazəmi salma nəzərdən,
Elxanının xar olmasın ölüsü,
Ağlasın yasında eli-ulusu.

_________
1.Əsəd Nizamın məhəllə rəqibləri olublar. 2. Əslən Şahsevən elindən olan Əsəd Nizamın qadını Xədijə xanım. 3. Dolu. 4. Veysabadda yer adıdır. 5. Əsəd Nizamın kiçik oğlu. 6. Natyar, najur,qaydasız. 7. Bu misrada onun meyidinin palçıq içində olmasına işarə edilir. 8. Buruq saç mə»nasındadır. 9. Ləjan. 10. Savənin Əlişar kəndinin çölüdür. 11. Savənin Zərənd bəxşinin kəndlərindən biridir, Varama çayı da oradan keçir. 12. Əsəd Nizamın ailəsindən biri ehtimal olunur. 13. Böyük hörmət və mənsəb sahiblərinin o dövrlərdə üst geyimi. 14. Əkin sahəsi. 15. Varama xanlarından olub Əsəd Nizamın qaynıdır. 16. Bataqlıq. 17. Şe»rin müəllifi Mustafa Quluxan (Əsəd Nizam nəzərdə tutulur) 18. Alın yazısı.





0 şərh:

Отправить комментарий